Bu gündən analoq TV yayımı dayandırılıb

Bu gündən analoq TV yayımı dayandırılıb

Bugündən Bakı, Sumqayıt şəhərləri və Abşeron yarımadasında tam olaraq açıq paketli rəqəmli televiziya yayımına keçilib. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qurum əhalini artıq xəbərdar edib. Bildirilib ki, 1 noyabr tarixindən etibarən, Bakı, Sumqayıt şəhərləri və Abşeron yarımadasında rəqəmli televiziya yayımına keçiləcək.

Müasir televizorlar, o cümlədən 2010-cu ildən etibarən istehsal olunan bütün televizorlar rəqəmli yayımlanan siqnalları heç bir əlavə qurğu olmadan qəbul edir. Rəqəmli yayımı qəbul etmə imkanı olmayan televizorlar üçün isə dekoderləri ("Set-Top-Box") istifadə haqda təlimatla birgə poçt şöbələrindən əldə etmək mümkündür. 1 noyabrdan etibarən Bakı, Abşeron və Sumqayıt sakinləri bu qurğuları Poçt Şöbələrindən 22 manat ödəməklə əldə edə bilərlər.

Rəqəmli yayım siqnallarını qəbul etmək üçün xüsusi antenaya ehtiyac yoxdur. Belə ki, analoq yayım üçün istifadə olunan antena vasitəsi ilə rəqəmli formatda TV proqramları izləmək mümkündür.

Məlumat üçün bildirək ki, rəqəmli televiziya yayımına keçid əhaliyə ölkənin istənilən ərazisində televiziya proqramlarının yüksək keyfiyyətlə, o cümlədən HD standartında izləməyə, təsvir və səs siqnallarının kənar maneələr və informasiya itkisi olmadan qəbul edilməsinə geniş imkanlar yaradacaq.

Xatırladaq ki, Respublikanın digər ərazilərində tam olaraq rəqəmli televiziya yayımına cari ilin 1 dekabr tarixindən keçiləcək və analoq yayım dayandırılacaq.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında açıq paketli rəqəmli televiziya yayımına 10 dekabr 2014-cü il tarixindən keçilib.

Rəqəmli televiziya yayımına keçidlə bağlı yaranan hər hansı problem və sualla bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 14-11 nömrəli "Qaynar xətt"nə zəng edə bilərsiniz.

Qeyd edək ki, Azərbaycan prezidentinin 20 sentyabr 2016-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 5.1.7-ci bəndinə uyğun olaraq Bakı və Abşeron yarımadasında yerüstü yayımlanan ümumölkə TV proqramlarının analoq yayımının 1 noyabr 2016-cı il tarixdən, respublikanın digər bölgələrində yayımlanan TV proqramlarının yerüstü analoq yayımının 1 dekabr 2016-cı il tarixdən etibarən dayandırılması barədə MTRŞ-da qərar qəbul edilib. Azərbaycan Respublikası ərazisində yerüstü yayımlanan TV proqramlarının analoq TV qəbulediciləri ilə izlənilməsi üçün DVB-T standartına uyğun olan dekoderlərin ("Set-Top-Box"-ların) istifadəsi ilə bağlı maarifləndirmə tədbirlərinin aparılması teleradio yayımçılarına və digərmüvafiq qurumlara, eyni zamanda Azərbaycan Respublikasında fəaliyyət göstərən sahibkarlara DVB-T standartına uyğun olan dekoderlərin ("Set-Top-Box"-ların) satışının təşkilinin təmin edilməsi tövsiyə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə