Mobil cihazların qeydiyyatı ilə bağlı "157" Zəng (Çağrı) Mərkəzinin fəaliyyəti optimallaşdırılıb. Artıq vətəndaşlar mobil qurğuların IMEI kodlarının qeydiyyatı və itirilmiş telefonlarla bağlı yaranan bütün suallara "157" Zəng Mərkəzinə müraciət etməklə cavab tapa bilərlər. SİA-nın xəbərinə görə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib ki, nazirliyin Məlumat Hesablama Mərkəzi (MHM) tərəfindən "Mobil cihazların qeydiyyat sistemi" üzrə daxil olan zənglərin optimallaşdırılması, xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə daha əvvəl fəaliyyət göstərən "1677" nömrəli məlumat mərkəzi "157" Zəng Mərkəzinə birləşdirilib.
Qeyd edək ki, bu nömrəyə zəng etməklə həftənin iş günləri saat 9:00-dan 18:00-a qədər məlumat almaq mümkündür.
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, MHM tərəfindən yaradılan "Mobil cihazların qeydiyyat sistemi" telekommunikasiya şəbəkəsində istifadə olunan mobil cihazların texniki identifikasiya göstəriciləri barədə məlumatların vahid baza sisteminə daxil edilməsi, saxlanılması və emalı funksiyasını yerinə yetirir.
Bu sistem vasitəsilə texniki parametrləri standartlara uyğun olmayan, keyfiyyət əmsalları aşağı olan və insan orqanizmi üçün zərərli elektromaqnit şüalanmaları yayan mobil cihazların ölkəyə idxalının qarşısı alınır.
Mobil cihazların IMEI kodları üzrə elektron qeydiyyat "www.e-gov.az" portalı, www.imei.az saytı üzərindən və ya poçt şöbələrində aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə