Bluetooth-un daim açıq qalması təhlükəsizlik riski yaradırmı? - TEXNOLOQ DANIŞDI

"Bluetooth-un daim açıq qalması birbaşa böyük təhlükədir demək düzgün olmaz, amma müəyyən risklər yaradır və bu risklər çox vaxt istifadəçinin diqqətsizliyi ilə artır".

Bunu SİA-ya açıqlamasında texnoloq Elvin Həsənov deyib.

Onun sözlərinə görə, burada əsas məsələ odur ki, Bluetooth açıq olduqda cihaz ətraf mühitdə görünən olur: "Yəni yaxın məsafədə olan digər cihazlar sizin telefonunuzu aşkar edə bilir. Əgər cihaz düzgün qorunmayıbsa və ya istifadəçi naməlum qoşulma sorğularını qəbul edirsə, bu zaman icazəsiz bağlantı riski yarana bilər. Bu isə bəzi hallarda məlumat ötürülməsi, kontakt paylaşımı və ya digər müdaxilələrə səbəb ola bilər.

Digər bir risk isə ictimai yerlərlə bağlıdır. Məsələn, hava limanı, metro, kafe kimi yerlərdə bəzi hücum ssenariləri mövcuddur. Buna Bluetooth scanning və ya bluejacking kimi yanaşmalar daxildir. Amma qeyd edim ki, müasir smartfonlarda bu risklər əvvəlki illərlə müqayisədə xeyli azaldılıb, çünki sistemlər daha güclü təhlükəsizlik mexanizmləri ilə qorunur.

Ən real risklərdən biri də odur ki, istifadəçi əvvəllər qoşulduğu cihazları unutmur. Məsələn, hansısa qulaqcıq, avtomobil sistemi və ya başqa bir cihaz. Əgər bu cihazlar təhlükəsiz deyilsə və ya başqa biri tərəfindən istifadə olunursa, avtomatik qoşulma zamanı məlumat sızması ehtimalı yarana bilər.

Qorunmaq üçün isə çox sadə qaydalar var ki, istifadə etmədikdə Bluetooth-u söndürmək, naməlum qoşulma sorğularını qəbul etməmək, cihazı “discoverable” rejimdə saxlamamaq və artıq istifadə olunmayan cihazları siyahıdan silmək kimi addımlar riskləri demək olar ki, minimuma endirir".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə