İslam Həmrəyliyi Oyunlarında idmançılarımız ilk dəfə qalib Azərbaycanı təmsil edirlər TƏHLİL

Bəli, artıq üzümüz ağ, başımız ucadır. Hansı ölkəyə hansı məqsədlə, istər qonaq, istər turist kimi, istər işgüzar səfər, istər idman yarışları üçün gediriksə, orada “haralısan” sualına qürurla “Azərbaycanlıyam” deyirik. Çünki namusumuz, şərəfimiz olan torpaqlarımız artıq düşmən tapdağı, yağı işğalı altında deyil. Biz 30 ildən sonra, 2020-ci ildə 44 günlük İkinci Vətən Müharibəsi ilə düşməni torpaqlarımızdan qovduq. Qan axıtdıq, minlərlə şəhid verdik, minlərlə qazimiz oldu, lakin 30 ilin hicranını vüsala, 30 ilin nisgilini sevincə çevirə bildik.

Bu gün düşmən tərəfindən daşı daş üstündə qalmayan Qarabağda böyük quruculuq işləri həyata keçirilir. Həm də bu işlər sürətlə görülür. Ona görə ki, bu torpaqların sahibləri yurd-yuvalarına tezliklə qayıtsınlar, 30 illik həsrətə son qoysunlar. Didərgin, köçkün, qaçqın sözlərini yaxalarından atsınlar. Budur, necə də qürurludur, İslam Həmrəyliyi kimi möhtəşəm oyunlarda idmançılarımız ilk dəfə olaraq qalib ölkəmizi təmsil edirlər. Bunun özü də qələbə üçün böyük stimuldur. Onlar qalıb Azərbaycanın idmançılarıdır. Hər qələbə zamanı bayrağımız yüksəklərə qalxıb dalğalandıqca o dalğalarda oyunun qələbəsi ilə yanaşı, Qarabağın qələbəsi də dalğalanacaq, qürur üzərinə qürur gətirəcək.

Prezidentimizin idmançılarla görüşü onlarda qələbə stimulu yaradır

Avqustun 9-da Prezident cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edən idmançılarla görüşmələri onlarda yüksək əhval-ruhiyyə, qələbə əzmi yaradıb.

Dövlətimizin başçısının hava limanından birbaşa idmançılarla görüşə getməsi ölkəmizdə bu sahəyə verilən diqqətin, göstərilən qayğının təzahürüdür. Prezident cənab İlham Əliyev: “Mən indicə Konya Hava Limanında yerə enmişəm və hava limanından dərhal buraya, sizinlə görüşə gəlmişəm. Bu, bir ənənədir. Hər dəfə mötəbər beynəlxalq yarışlar ərəfəsində idmançılarla görüşüb onlarla söhbətləşirəm. Bu dəfə də istisna deyil. Bu dəfə V İslam Həmrəyliyi Oyunlarında siz Azərbaycanı təmsil edəcəksiniz. Əminəm ki, ləyaqətlə təmsil edəcəksiniz. Çünki bizim idmançılar artıq bütün beynəlxalq yarışlarda öz gücünü təsdiqləmişlər. Azərbaycan bu gün dünyada güclü idman ölkəsi kimi tanınır və bizim qələbələrimiz həm Olimpiya Oyunlarında, həm də dünya, Avropa çempionatlarında artıq adi hala çevrilib. Azərbaycan azarkeşləri də bir növ buna öyrəşiblər. Əminəm ki, idmançılarımız bu dəfə də gözəl nəticə göstərəcəklər. Artıq birinci qızıl medalımız var. Komandanı bu münasibətlə təbrik etmək istəyirəm. Oyunların rəsmi açılış mərasimi bu gündür, amma Oyunlar artıq davam edir. Əminəm ki, bu gözəl nəticə digər idmançılar üçün də gözəl bir stimul olacaq”.

Bu il 30 ildir ki, ölkəmizdə Olimpiya Hərəkatı başlanıb. Həmin dövrə bu günün prizmasından nəzər saldıqda gözlərimiz önündə bir qərinəyədək zaman kəsiyinin uğur və nailiyyətlərlə dolu mənzərəsi açılır. Bəlkə də 30 ilin əvvəlində idmanın inkişafı ilə bu zirvəyə gəlib çıxmağın mümkünlüyü heç ağıla da gəlməzdi. Çünki həmin dövr o dövr idi ki, ölkə iqtisadi cəhətdən tənəzzülə uğramışdı. Sovet imperiyasının buxovlarından yenicə azad olan xalq olmazın çətinlikləri ilə üz-üzə qalmışdı. Bu, həyat tərzi olaraq gənclərimizdən də təsirsiz keçmirdi. Milli Ordumuzun yenicə təkmilləşdiyi o illərdə gənc oğlanlar 4-5 il əsgəri xidmət keçir, qayıdanlar işləmək üçün iş yerləri tapmırdılar. Gənc qızların da sosial həyatı çox passiv şəkildə idi, onların asudə vaxtlarının səmərəli təşkili üçün əsaslı bir ünvan yox idi. Belə bir dövrdə gənclərin üzünə onların maraqlarını təmin edə biləcək qapıların açılması təbii ki, 30 ilin sonunda bu uğurların sadalanması ilə nəticələnəcəkdi. Bu qapı idmanın inkişafı, ölkəmizdə Olimpiya Hərəkatının başlanması idi. Bu, həm də ölkənin gələcək inkişafına istiqamətlənmiş siyasətin prioritetlərindən biri idi. Ölkəmizin başçısı cənab İlham Əliyevin dediyi kimi: “Azərbaycanda Olimpiya Hərəkatı və idman uğurla, sürətlə inkişaf edir. Azərbaycan dünyada idman dövləti kimi tanınır. İdman Azərbaycanda dövlət siyasətidir. Dövlət bu istiqamətdə öz siyasətini apararkən idmanın hərtərəfli inkişafına nail ola bilmişdir”.

Ötən illərin idman statistikasındakı uğurların nəticəsi də 30 il əvvəl başlanan Olimpiya Hərəkatının nəticələridir: gənclərin düzgün istiqamətləndirilməsi, onların asudə vaxtının səmərəli keçməsi, düzgün həyat tərzi, sağlam və vətənpərvər böyümələridir. Elə Qarabağımızı da işğaldan bu təfəkkürdə olan gənclərimiz xilas etdilər. Deməli, düzgün tərbiyə hərtərəfli qələbənin təminatıdır.

5 il əvvəl Bakıda, 5 il sonra Konyada

Əslində, dörd ildən bir keçirilməsi nəzərdə tutulan və İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrdən idmançıların iştirak etdiyi İslam Həmrəyliyi Oyunları son dəfə 5 il öncə Bakıda keçirilmişdi. 2017-ci il aprelin 5-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinə həsr olunan mərasimində iştirak edən cənab İlham Əliyev demişdir: Əziz dostlar, İslam Həmrəyliyi Oyunlarının rəmzi sudur. Su həyat deməkdir. Təbiət və insan susuz yaşaya bilməz. Azərbaycan füsunkar təbiətə malik bir ölkədir. Gözəl göllərimiz, çaylarımız, bulaqlarımız, şəlalələrimiz, gözəl Xəzər dənizimiz bizim təbii sərvətimizdir. Bu gün Xəzərin sahilindən ölkəmizin müxtəlif istiqamətlərinə böyük səyahət başlayır. Su, əslində bir rəmzdir və Oyunların rəmzi məhz sudur. Hesab edirəm ki, bu seçim yüksək qiymətə layiq olmalıdır. Qoy, bizim yolumuz su kimi aydın, niyyətimiz su kimi təmiz olsun.

Yüksək səviyyədə təşkil olunan oyunlardan hər kəs ölkəsinə böyük təəssüratlarla qayıtdı. Ölkəmiz üçün də IV İslam Həmrəyliyi Oyunları çox uğurla nəticələndi. Belə ki, Azərbaycan həmin oyunlarda 162 medal (75 qızıl, 50 gümüş və 37 bürünc) qazandı. Əslində ötən il keçirilməli olan V İslam Həmrəyliyi Oyunları pandemiya səbəbindən təxirə salındı və bu il Türkiyənin Konya şəhərində baş tutdu.

Ölkəmizin başçısı Konya şəhərində idmançılarımızla görüşü zamanı bu barədə demişdir: Bu dəfə bu Oyunlar Bakıdan sonra Konyada keçirilir, qardaş ölkədə keçirilir. Əminəm ki, siz özünüzü burada evinizdəki kimi hiss edirsiniz. Əlbəttə ki, bu Oyunların Türkiyədə keçirilməsi bizim üçün əlavə imkanlar yaradır. Əlbəttə, biz çox şadıq ki, bu Oyunlar qardaş Türkiyədə keçirilir. Əminəm ki, bu Oyunlar həm idman bayramı, həm də İslam həmrəyliyi bayramı kimi yadda qalacaq. Beş il bundan əvvəl Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında bizim komandamız çox gözəl nəticə göstərmişdir, komanda hesabında birinci olmuşdur. Eyni zamanda, Bakıdakı Oyunlar İslam həmrəyliyinin güclənməsinə təkan vermişdir. Çünki müsəlman ölkələrinin idmançıları bir müddət bir-biri ilə sıx təmasda olmuşlar. Əminəm ki, burada da siz yeni dostlar tapacaqsınız. Çünki bu Oyunlar həm idman yarışıdır, həm də ki, müsəlman ölkələri arasındakı birliyi, həmrəyliyi, dostluğu möhkəmləndirən amildir.

Qalib ölkənin vətənpərvər idmançıları

İdman vətənpərvərlik hissinin təməlidir. Bunu həyatda dəfələrlə müşahidə etmişik. Elə 2020-ci ilin 44 günlük Vətən Müharibəsində də gənclərimizin idmanla məşğul olmasının uğurlu nəticələrini bir daha gördük. İdman onlara güc-qüvvə ilə yanaşı, həm də vətənpərvərlik ruhu bəxş edib.

“İdman təkcə fiziki sağlamlıq deyil, bu, həm də özünəinamdır, iş qabiliyyətidir, mənəvi vəziyyətdir”, - deyən Prezident İlham Əliyevin bu dəyərli fikirlərinə istinadən demək olar ki, bəli, idman sağlamlıqla yanaşı, həm də özünəinamı, eyni zamanda qorxmazlığı, əyilməzliyi, igidliyi özündə ehtiva edir ki, bütün bunlar isə insanda vətənpərvərlik hissinin formalaşmasında böyük əhəmiyyətə malikdir.

Ölkəmizdə gənc nəsil bədən tərbiyəsi və idmanla kütləvi şəkildə məşğul olduğundan bu, son illər vətənpərvər gəncliyin də yetişməsində mühüm rol oynamışdır. Sağlam həyat tərzi, düzgün yaşam, cəmiyyət üçün gərəkli fərd olmaq insanda Vətəninə, torpağına, el-obasına sevgi, qədirbilənlik hissini formalaşdıran amillərdir. Bugünkü gəncliyin yüksək vətənpərvərlik keyfiyyətinə malik olmasında bu sahəyə göstərilən diqqət və qayğı öz sözünü deyib. Vətən müharibəsində gənclərimizin dünyaya nümunə olan vətənpərvərliyi dövlətimizin vətəndaşına göstərdiyi qayğının bəhrəsi kimi təzahür etdi. Statistikaya görə Vətən müharibəsində idman sahəsi üzrə 500 nəfər iştirak edib. Onlardan 54 nəfəri şəhidlik zirvəsinə yüksəlib. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərə 390 nəfər könüllü kimi qatılıb. Hərbi xidmətə çağırılanlar 33, hərbçi kimi iştirak edənlər isə 23 nəfər olub. Müharibə iştirakçılarından 67 nəfər yaralanıb.

Gənclərimizin torpaqlarımızın işğaldan azad olunması uğrunda göstərdikləri şücaət, onların fiziki gücü, son nəfəslərinədək rəşadətlə döyüşmələri, torpaq, Vətən uğrunda şəhid olmaları göstərdi ki, bu xalqın övladlarının Vətən sevgisi bütün sevgilərdən, istəklərdən öndədir. Hər bir yarışda Azərbaycan bayrağını qürurla dalğalandırmağa nail olan idmançılarımız üçrəngli bayrağımızı Qarabağda da dalğalandırmağa nail oldular.

Fevral ayında gənclərlə görüşündə Prezident İlham Əliyev onların Vətən müharibəsindəki şücaətindən söhbət açaraq demişdir: “Şuşa qalasına dırmaşmaq, təkcə Daşaltıdan Şuşaya piyada getmək, necə deyərlər, böyük sınaqdır. Amma sənin üzərinə avtomatlardan, pulemyotlardan, tanklardan atəş yağdırılırsa, mənəvi və fiziki ruh yüksəkliyi lazımdır. Bu, mənəvi və fiziki ruhun birliyidir. Bəs əgər bizim gənclər hazırlıqsız olsaydı, əgər onlar fiziki cəhətdən zəif olsaydı, bacarardılarmı? Bacarmazdılar. Ona görə idman bu deməkdir. Dinc həyatda da hökmən lazımdır, hökmən”.

Bəli, Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında idmançılarımızın qalib ölkəmizi təmsil etmələri hər birimizdə qürur yaradır. Çünki biz illərlə torpaqlarımızın azad olmasını gözləmişik. İllərlə qaçqın, köçkün, didərginimizin acı taleyi bizim də acımız, göz yaşları bizim də göz yaşımız olub. Bu gün isə onlarla yanaşı, hər bir azərbaycanlının gözündən sevinc göz yaşları axır. Çünki biz Zəfər çalmış xalqıq. Bu Zəfər üçün Ali Baş Komandanımıza və milli ordumuza borcluyuq.

İdmançılarımız Konyadan da uğurla qayıdacaqlar

Qalib ölkənin idmançıları söz yox ki, bu dəfə Konyadan da əliboş qayıtmayacaqlar. Çünki ölkəmizdə illərdir ki, idmanın inkişafına göstərilən diqqət və qayğı güclü, bacarıqlı, əzmli idmançılar ordusunun yetişməsi ilə nəticələnmişdir. Son illər idmançılarımız hansı ölkəyə yarışlara gedirlərsə, oradan qələbə ilə qayıdırlar. Onlara qələbə stimulunu verən səbəblərdən başlıcası isə Qarabağda qazandığımız qələbədir. Hələ torpaqlarımız işğal altında olanda erməni idmançılarını yarışlarda məğlub edən idmançılarımız onları döyüş meydanında da məğlubiyyətə uğratdıqdan sonra daha əzmli, daha güclü, daha həvəslidirlər.

Prezident cənab İlham Əliyev: Onu da qeyd etməliyəm ki, ilk dəfə olaraq Azərbaycan idmançıları İslam Həmrəyliyi Oyunlarında qalib ölkəni təmsil edəcəklər. Bu, hamımız üçün böyük qürurverici hadisədir. Çünki biz artıq müzəffər xalqın nümayəndələri, qalib ölkənin nümayəndələri kimi bu Oyunlarda iştirak edəcəyik. Döyüş meydanlarında əldə edilmiş Qələbə idman yarışlarında da özünü əks etdirəcək... Bir sözlə, əziz idmançılar, mən sizi ürəkdən salamlayıram, sizə uğurlar arzulamaq istəyirəm. Əminəm ki, hər zaman olduğu kimi, Azərbaycanın idman bayrağı, idman şöhrətimiz yüksəklərdə olacaq və siz Vətənə qələbələr, müvəffəqiyyətlər, uğurlarla qayıdacaqsınız. Təbrik edirəm.

Avqustun 18-dək davam edəcək V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən atletlər idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparırlar. Azərbaycanı bu oyunlarda 281 idmançı təmsil edir. Onlar ağır atletika, atıcılıq, atletika, basketbol 3x3 (qadınlar və kişilər), cüdo, futbol, güləş, gimnastika, aerobika, bədii gimnastika, həndbol (qadınlar və kişilər), karate, kikboksinq, qılıncoynatma, oxatma, para-oxatma, para-atletika, para-üzgüçülük, stolüstü tennis, taekvondo, velosiped, voleybol (qadınlar və kişilər) və üzgüçülük yarışlarında güclərini sınayırlar.

Qarşıdakı günlərdə idmançılarımızın hər qələbəsində bayrağımız yüksəklərə qalxarkən qürur duyacağıq. Çünki bu bayraq yüksəklərdə dalğalanmaq üçün yaranıb. Bu bayraq dalğasında qələbə əzmini yaşamaq, yaşatmaq üçün yaranıb. Bu bayraq azad torpaqlarda, ərazi bütövlüyü təmin olunmuş ölkəmizdə dalğalanmaq üçün yaranıb. Bu dəfə də Konya şəhərində idmançılarımızın uğuru ilə dalğalanıb bizə xoşbəxtlik bəxş edəcəkdir...

Mətanət MƏMMƏDOVA

Bütün xəbərlər Facebook səhifəmizdə