Braziliyalı hücumçu "Qəbələ"yə qayıdıb-qayıtmayacağını bilmir

"Qəbələ"nin futbolçusu Rafael Utziq əyalət təmsilçisinə qayıdıb-qayıtmayacağını bilmir. SİA-nın məlumatına görə, bu barədə braziliyalı hücumçunun özü ölkəsinin mətbuatına açıqlama verib.

Hazırda vətənində istirahət edən 26 yaşlı forvard bildirib ki, bu işlərlə agenti məşğul olur: "Mövsüm başa çatıb. Braziliyada ailəmi görmək üçün bir neçə gün vaxtım var. Yeni təkliflər və digər məsələlərlə bağlı hər şeyi agentimin öhdəsinə buraxmışam".

"Qırmızı-qaralar"ın Azərbaycan Premyer Liqasının 4-cü pillədə bitirərək, UEFA Konfrans Liqasına vəsiqə qazanmasına da toxunan Utziq mövsümün əvvəlində çoxlarının onlara inanmadığını söyləyib: "Düşünürdülər ki, son sıralardan birini tutacağıq. Bunu etməklə vəzifəmizin öhdəsindən gəldiyimizi düşünürəm. Komandamız avrokuboklara getməyə layiq idi".

Qeyd edək ki, Rafael Utziqin "Qəbələ" ilə müqaviləsi başa çatıb. Tərəflər yeni sözləşmə ilə bağlı danışıqları davam etdirirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə