"İstər futbol üzrə, istərsə də digər səhələr üzrə idmanımıza yanaşma çox aşağıdır. Amma Ali Baş Komandanımız cənab İlham Əliyevin idmana böyük dəstəyi var, qayğısı var". Bu sözləri SİA-ya açıqlamasında Respublikanın əməkdar məşqçisi, futbol mütəxəssisi Tərlan Əhmədov deyib.
Onun sözlərinə görə, Prezidentin uzun illərdir ki, idman sahəsinə verdiyi töhfələr göz qabağındadır: "Yaratdığı idman kompleksləri, futbol meydançaları, məşq zalları hər biri bunun bir təzahürüdür. Azərbaycanda yarışların, turnirlərin, Avropa oyunlarının, dünya çempionatlarının keçirilməsi onu göstərir ki, həqiqətən də Azərbaycanda idman sahəsində böyük işlər gedir.
Cənab Prezidentin daxili və xarici siyasətində idman böyük rol oynayır. Bütün dünyadakı idmançılar Azərbaycana sevə-sevə gəlirlər və burada yarışlarda iştirak edirlər. Amma federasiyalarda işlər olsun ki, biraz zəifdi. Cənab Prezidentin özü də bildirib ki, federasiyalarda hər şey yenidən araşdırılsın, bərpa edilsin, problemlər üzə çıxarılsın, çatışmazlıqlar aradan qaldırılsın. Əvvəl yeni nəsil idmançılara üstünlük verilmirdi, amma idi Prezidentin göstərişi ilə yeni kadrlar yaradılır, yeni nəsil üçün işlər davam etdirilir.
Qeyd edim ki, Azərbaycanda istedadlı idmançılar yetərincə var. İstər futbol sahəsində, istərə də digər idman növlərində. Bizim olimpiya, dünya çempionlarımız var. Hələ Sovetin dövründə də bizim paralimpiya çempionlarımız var idi. Yəni Azərbaycan istedadlar ölkəsidir. Sadəcə olaraq yeni nəsilə o qədər də dəstək yox idi. Ölkəmizdə cəmi 8 futbol klubu var. Bu ölkəmiz üçün olduqca az bir rəqəmdir. Regionlarda isə həddindən artıq az idmançılarımız var. Futbolçu kimi yetişən idmançılarımız azdır. Gəncədə, Tovuzda, Zaqatalada, cənub bölgələrində demək olar ki, futbol komandaları inkişaf etmir, yox səviyyəsindədir. Həm valideynlər elə başa düşürlər ki, bu zaman itkisidir, həm də onları digər sahələr üzrə istiqamətləndirirlər. Ona görə idmana, futbola qeyri-laqeydlik yaranıb. Valideynlər övladlarını başqa sahələrə elmə, sənətə yönəldirlər ki, vaxt itkisi olmasın. Düşünürəm ki, biz klub saylarını artırmalıyıq, regionlarımızda idmanın bütün sahələri üzrə klublar açılmalıdır, daim fəaliyyət göstərməlidir. Yeni nəsilə üstünlük verilməlidir. Əcnəbi idmançılara vətəndaşlığın verilməsi sıfıra endirilməlidir, öz idmançılarımıza dəstək verilməlidir. Yerli idmançıların hazırlanması üçün şərait yaradılmır, gəlmə idmançılara üstünlük verilir. Bu baxımdan ciddi işlər görülməlidir. 8 klubumuz var. Bəzi akademiyalar var ki, ümumiyyətlə onlar futbolçu götürmürlər, bəziləri isə bir iki futbolçuya üstünlük verirlər. Geridə qalan futbolçulara dəstək verilməyəndə, etimad edilməyəndə məyus olurlar və idmandan uzaqlaşırlar. Bununla da futbolumuz gec inkişaf edir. Belə çox futbolçularımızı itirmişik.
Ölkəmizdə legioner futbolçular gündəmdə olanda bu yerli nəsil futbolçularımıza pis təsir edir və onlar yavaş-yavaş azalırlar. Biz istedadlı yerli oyunçularımızı itiririk".
Tərlan Əhmədov fikirlərinə davam edərək həmçinin qeyd edib ki, gənc nəsil sağlam, təfəkkürlü yetişməlidir, dövlətə, dövlətçiliyə xeyirli bir fərd kimi yetişməlidir: "Bu da bizim idman sahələrimizdə özünü göstərməlidir. İstər futbolda, istərsə də digər sahələrdə yerli idmançılarımıza üstünlük verilməlidir. İdmançıların yetişməsində böyük səy göstərilməlidir, bütün məşqçi heyəti, akademiyalar bunu bir-bir tətbiq etməlidirlər. Bu məsələlər gündəmdə olmalıdır, bizim cavan nəsil idmandan uzaqlaşmamalıdır. Çünki biz idman dövlətiyik. Zamanla bütün idman sahələrində dünyada ön sıralarda gedən idmançılar yetişdirmişik.
Idman sahəsində problemlər həddindən artıq çoxdur. Amma dövlət tərəfindən bu problemlər bir-bir aradan qaldırılır. Yeni nəsilin yetişdirilməsində böyük bir plan hazırlanmalıdır. Yeni nəsilin daha uğurlu çıxış etməsi, daha bilikli olması, enerjili, iradəli idmançıların yetişməsi üçün ciddi tədbirlər həyata keçirilməlidir. Ona görə ki, onlar Azərbaycan bayrağını xaricdə qürurla dalğalandırsınlar. Yeni nazirimizin gəlməsi ilə biz bu dəyişiklikləri artıq hiss edirik. Bütün federasiyalarla əlaqələrin saxlanılması, yoxlanışların edilməsi bunun bariz nümunəsidir. İdmançılarla görüşlər, onlara olan qayğı diqqət mərkəzindədir.
Düşünürəm ki, yeni futbol klubları yaradılmalıdır. Təxminən 14-16 komanda yaradılmalıdır. Regionlarda futbol klubları açılmalıdır. Regionlarda hər klubun öz akademiyası olmalıdır, hətta “Neftçi”nin, “Qarabağın”ın akademiyaları olmalıdır. Bu klublar üçün futbolçular yetişdirilməlidir. O zamanlar Azərbaycanda müxtəlif cəmiyyətlər fəaliyyət göstərirdi. Məhsul, Vətən Cəmiyyəti kimi cəmiyyətlər fəaliyyət göstərirdi. Bu cəmiyyətlər yenidən fəaliyyətlərini davam etdirməlidirlər. Cəmiyyətlər arasında yarışlar keçirilməlidir. İdman təməlli internat məktəbləri yaradılmalıdır, hansı ki mən məhz həmin məktəbdə oxumuşam. Demək olar ki, o dövrün uğurlu idmançıları həmin o məktəbdən çıxmışlar. Görüləcək işlər çoxdur və bunlar da həm zaman tələb edir, həm də maddiyyat. Digər məsələ də odur ki, akademiyalarda işləyən məşqçilərin maaşları artırılmalıdır. Onlar da öz işlərini vicdanla yerinə yetirməlidirlər. Varlının pulu var deyə onu qabağa çəkib, kasıbı geri atmamalıdır.
Həmçinin yeni məşqçilər işə qəbul olunmalıdır. Uğur qazandırmayan məşqçilər istefa etməlidir. Yenilərə şans tanımaq lazımdır. Məşqçilər professional olaraq təlimlər keçməlidirlər. Məşqçi hər bir yaş qrupuna uyğun olaraq məşq planı qurmalıdır. Hər bir idmançı ilə fərdi olaraq yanaşmalıdır. Biz bütün sistemi dəyişməliyik, yanaşma tərzimiz dəyişməliyik. Yeni Gənclər və İdman nazirimiz Fərid Qayıbovun sayəsində ümid edirik ki, çox böyük nailiyyətlər əldə edəcəyik. Cavan nəsil futbolçularımız yetişəcək, digər sahələrdə də cavan nəsil inkişaf edəcək. Daha uğurlu çıxışlarımız olacaq. Hər olimpiyadalarda bir yox bir neçə çempionumuz olacaq. Yeganə dövlətik ki, idman sahəsində cavan nəsilin yetişməsinə böyük dəstək verilir".
Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB