İki paracüdoçumuz Tokio Paralimpiadasının finalına vəsiqə qazanıb

İki paracüdoçumuz Tokio Paralimpiadasının finalına vəsiqə qazanıb

Daha iki paracüdoçumuz "Tokio-2020" Yay Paralimpiya Oyunlarının finalına yüksəlib. SİA xəbər verir ki, 52 kiloqram çəki dərəcəsində çıxış edən qadın paracüdoçumuz Sevda Vəliyeva qazaxıstanlı Dayana Fedossova və Türkiyə idmançısı Zeynep Çelikə qalib gələrək həlledici mərhələyə yüksəlib. Finalda cüdoçumuzun rəqibi Özbəkistan təmsilçisi Parvina Samandarova olacaq.

Digər qadın paracüdoçumuz Xanım Hüseynova da qızıl medal uğrunda mübarizə aparacaq. Belə ki, 63 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız startda yaponiyalı Hiroko Kudodan üstün olub. Çinli Yue Vanqı da tatamidən məyus yola salan idmançımız finalda ukraynalı İrina Husiyeva ilə qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycanın hesabında 5 medal var. Paracüdoçular Şəhanə Hacıyeva (48 kiloqram), Vüqar Şirinli (60 kiloqram) qızıl, Namiq Abaslı (66 kiloqram) bürünc medala sahib olublar. Yüz metr məsafəyə üzgüçülük yarışlarında Raman Saleh Paralimpiya çempionu adını qazanıb.

Pauerliftinqçi Pərvin Məmmədov (49 kiloqram) isə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

“Tokio-2020”də ölkəmizi idmanın 6 növündə 47 kateqoriya üzrə rekord sayda - 36 idmançı təmsil edəcək. Atletlərimizin 24-ü kişi və 12-si qadındır.

XVI Yay Paralimpiya Oyunları sentyabrın 5-dək davam edəcək.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə