Hər il Azərbaycanda da keçirilən dünyaca məhşur Formula1 yarışları pandemiya şəraitinin tələblərinə əməl etməklə keçiriləcək. Belə ki, bu il məhşur avtoyürüş yarışları tamaşaçısız keçiriləcək. Bəs sürət həvəskarlarının diqqət mərkəzində olan yarış Azərbaycana bu illər ərzində nə qazandırıb? SİA məsələ ilə əlaqədar sorğusunu təqdim edir.

“Azərbaycanda turizmin inkişafı Formula1-in gəlməsindən sonra başlayıb. Bunu cənab Prezident də öz nitqində qeyd edib. Baxmayaraq ki, bu yarışlardan öncə beynəlxalq bir sıra yarışlar keçirilib. Lakin əsl turizm bumu Formula1-dən sonra başlayıb”. Bu fikirləri SİA-ya açıqlamasında F1.az saytının baş redaktoru Rəhim Əliyev deyib.
Onun sözlərinə görə, bu yarışların ölkəmizə iqtisadi gəlirləri barədə kifayət qədər danışılıb: “Azərbaycan yarım milyard dollara qədər xeyir götürüb. Bu ilk ilin statistik rəqəmləri idi. Bəlkə də artıq bu rəqəm bir milyard dolları ötüb. Burada söhbət birbaşa Formula1-in gəlirindən getmir. Bura gələn turistlərin otel xərcləri, ictimai iaşə xərcləri, nəqliyyat xərcləri də nəzərdə tutulur”.
R.Əliyev vurğulayıb ki, bütün bunlar ökəmiz üçün gəlir mənbəyidir: “Həmçinin Formula1-in Azərbaycana gəlməsindən sonra ölkəmizdə avtoidman mədəniyyəti formalaşmağa başladı. Azərbaycanda avtomobillərə, sürətə, avtomobil yarışlarına maraq həmişə olub. İnsanlar birinci il sırf konsertə baxmaq üçün gəlirdisə, artıq digər illərdə yarışları izləmək üçün gələnlərin sayı daha çox idi. Ümid edirəm ki, bu il pandemiya ilə əlaqədar yarışlar tamaşaçısız keçirilsə də, artıq üzümüzə gələn illərdə biz tamaşaçı coşqusunu yenidən hiss edəcəyik”.

Məsələ ilə əlaqədar SİA-ya açıqlama verən "İrəli" İctimai Birliyinin insan resursları üzrə katibi İlqar Axundov bildirib ki, son illərdə ölkəmizdə irimiqyaslı, beynəlxalq idman yarışlarının keçirilməsi iqtisadiyyat və turizm sahələri ilə yanaşı gənclər arasında idmanın təbliğinə böyük dəstək olur: “Təəssüf ki, 2020-ci ildə dünyanı öz təsirinə alan Covid-19 pandemiyası səbəbilə bir sıra idman yarışları həmçinin, Formula-1 Bakı Qran Prisi də təxirə salınan yarışlardan oldu”.
İ.Axundov vurğulayıb ki, artıq 5-ci ildir ki, dünyanın ən nüfuzlu idman yarışlarından olan Formula-1 Qran Prisinə ev sahibliyi edirik: “Bu yarışın Azərbaycanda təşkil olunması, ilk növbədə, ölkəmizin gündən-günə artan beynəlxalq nüfuzu və dövlətimizə olan böyük etimadla bağlıdır. Bildiyiniz kimi, Formula-1 yarışının hər hansı bir ölkədə keçirilməsi hərtərəfli yoxlanışdan və həmin ölkənin yarışın tələblərinə cavab verməsi müəyyən edildikdən sonra mümkün olur. Azərbaycanın bu siyahıya düşməsi ölkəmizin həm dövlətçiliyində, həm də inkişafında qazandığı nailiyyətlərin nəticəsidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB