ABŞ prezidenti Yaponiya hökumətinin cəhdlərini dəstəkləyir

ABŞ Prezidenti Co Bayden başda Baş nazir Yoşihide Suqa olmaqla Yaponiya hökumətinin pandemiyaya görə təxirə salınan Tokio Olimpiadasını cari ildə təhlükəsiz formada təşkili cəhdlərini dəstəkləyir. SİA Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, bu barədə ABŞ və Yaponiya liderlərinin aprelin 16-da Vaşinqtonda baş tutan görüşündən sonra qəbul edilən birgə bəyanatda bildirilir.

"Prezident Co Bayden Baş nazir Yoşihide Suqanın cari yayda təhlükəsiz və qorunan Olimpiya və Paralimpiya Oyunlarının keçirilməsinə istiqamətlənmiş cəhdlərini dəstəkləyir", - deyə birgə bəyanatda qeyd edilir.

Sənəddə vurğulanır ki, hər iki ölkənin liderləri ABŞ və Yaponiya atletlərinin koronavirusla əlaqədar yaranmış mürəkkəb vəziyyətə baxmayaraq, ciddi-cəhdlə yarışlara hazırlaşmasını xüsusi qürur hissi ilə qeyd edirlər.

Xatırladaq ki, Tokio Olimpiadası 2020-ci il iyulun 24-dən avqustun 8-dək keçirilməli idi. Lakin koronovirus pandemiyasına görə bu yarışlar bir il müddətinə təxirə salınıb. Tokio Yay Olimpiya Oyunlarının cari il iyulun 23-dən avqustun 8-dək keçirilməsi planlaşdırılır.

Bu ərəfədə, aprelin 16-da Oyunların təşkilat komitəsinin sədri Seyko Haşimoto yarışların təxirə salınması variantının müzakirə olunmadığını bəyan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə