Formula 1 Azərbaycan Qran-Prisi təxirə salınıb

Bu il iyunun 5-7-də Bakıda keçirilməsi planlaşdırılan Formula 1 Azərbaycan Qran-Prisi təxirə salınıb. SİA "Bakı Şəhər Halqası" Əməliyyat Şirkətinə istinadla xəbər verir ki, bu qərar Formula 1 rəhbərliyi, Beynəlxalq Avtomobil Federasiyası (FİA) və Azərbaycan Respublikası Hökuməti tərəfindən aparılmış birgə müzakirələr nəticəsində qəbul olunub. Həmçinin davam edən qlobal COVID-19 pandemiyası və bu xəstəliklə əlaqədar səlahiyyətli tərəflərin təqdim etdiyi mütəxəssis rəyləri sözügedən qərarı zəruri edib.

Yarışın təxirə salınmasında əsas məqsəd Azərbaycan xalqı ilə yanaşı, ölkəyə gələn Formula 1 azarkeşləri, komanda heyətləri və çempionatın digər iştirakçılarının sağlamlığını və rifahını qorumaqdır.

Əməliyyat şirkəti avtoidman həvəskarlarının bu ilin iyununda Bakının mərkəzi küçələrində keçirilməsi nəzərdə tutulan möhtəşəm yarışı həmin tarixdə izləyə bilməyəcəklərinə görə yaşadıqları təəssüf hissini bütün səmimiyyəti ilə bölüşür və çalışır ki, Formula 1 rəhbərliyi, FİA və Azərbaycan Hökuməti ilə birlikdə Formula 1 Azərbaycan Qran-Prisinin 2020-ci il yarış cədvəlindəki yeni tarixini tezliklə dəqiqləşdirib bu haqda ictimaiyyəti məlumatlandırsın.

Yeri gəlmişkən, Formula 1 Azərbaycan Qran-Prisi üçün indiyədək alınmış biletlər keçərli sayılır və əldə olunan bütün hüquqlar yarışın yeni tarixinə olduğu kimi köçürülür. Yarışın yeni tarixi müəyyənləşəndən sonra bu günə qədər həm əməliyyat şirkətinin rəsmi vebsaytından, həm də digər kanallar vasitəsilə bilet alanlara yeni seçimlər barədə ətraflı məlumat veriləcək.

Əməliyyat şirkətinin bütün kollektivi dünyanın dörd bir yanında yeni koranavirus pandemiyası səbəbindən yaranmış çətin və gözlənilməz vəziyyətdən birbaşa və ya dolayı olaraq əziyyət çəkən hər kəsə öz xeyir-dualarını göndərir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə