Karateçilərimiz Premyer Liqa turnirində mübarizəyə başlayıblar

Fevralın 28-də karateçilərimiz Avstriyanın Zalsburq şəhərində start götürən Karate 1 Premyer Liqa turnirində mübarizəyə başlayıblar. SİA-nın məlumatına görə, martın 1-dək davam edəcək turnirdə ölkəmizi federasiyanın prezidenti Yaşar Bəşirovun rəhbərliyi ilə 14 idmançıdan ibarət heyət təmsil edir.

Kişilər arasında kumite yarışlarında Firdovsi Fərzəliyev (60 kq), Rafiz Həsənov, Tural Ağalarzadə (67 kq), Rafael Ağayev (75 kq), Ayxan Mamayev, Pənah Abdullayev, Turqut Həsənov (84 kq), Şahin Atamov, Asiman Qurbanlı (+84 kq) mübarizə aparacaqlar. Qadınların yarışlarında Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq), İrina Zaretska (68 kq) və Fəridə Əliyeva (+68 kq) güclərini sınayacaqlar. Kata yarışlarında isə ölkəmizi Roman Heydərov təmsil edəcək.

Zalsburq Premyer Liqasını idarə edən referilər arasında beynəlxalq dərəcəli hakim Cahangir Babayev da yer alıb.

Xatırladaq ki, Azərbaycan karateçiləri fevralın 14-16-da Dubayda keçirilmiş Karate1 Premyer Liqa turnirində iki medal (Rafael Ağayev qızıl, İrina Zaretska bürünc) qazanıblar. Bununla yanaşı, İ.Zaretska Tokio Olimpiadasına lisenziyanı vaxtından əvvəl təmin edib. Rafael Ağayevin Yay Olimpiya Oyunlarına vəsiqə qazanması üçün isə mötəbər yarışın Zalsburq mərhələsində üç qələbə kifayət edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...