“Məhsul” həndbol komandasının liderliyi davam edir

Kişi həndbolçuların ölkə çempionatında XI turun oyunları keçirilib.

SİA-nın məlumatına görə, günün böyük maraqla gözlənilən matçında “Bakı” və “Məhsul” komandaları üz-üzə gəliblər. Çempionluğa iddialı rəqiblərin növbəti görüşündə “Bakı” komandası yarış cədvəlinin lideri ilə iki xallıq fərqi aradan qaldırmaq niyyətində idi. Amma nominal ev sahibi çox çalışsa da, istəyini reallaşdıra bilməyib. Yüksək əzmkarlıq nümayiş etdirən “Məhsul” oyunu qələbə ilə başa vurub – 26:23.

Günün digər görüşündə isə “Təhsil” və U-18 komandaları qarşılaşıblar. Meydançaya favorit qismində çıxan “Təhsil” rəqibə göz açmağa imkan verməyib. Təhlükəli həmlələrin qarşısını almaqda çətinlik çəkən U-18 növbəti məğlubiyyətlə barışmalı olub – 13:29.

On bir oyundan 20 xal toplayan “Məhsul” komandası çempionatın turnir cədvəlinin vahid lideridir. “Bakı” ondan 4 xal geri qalır. Üçüncü pillənin sahibi “Təhsil”in aktivində 5 xal var. U-18 1 xalla yarış cədvəlinin autsayderidir.

Bütün xəbərlər Facebook səhifəmizdə