Beynəlxalq Şahmat Federasiyasının (FIDE) təşkilatçılığıyla Bakıda hakimlər üçün seminar keçirilib. SİA-nın verdiyi məlumata görə, 4 ölkədən olan hakimlərə seminarda yeniliklər barədə məlumatlar verilib, superturnirlər, dünya, Avropa çempionatları o cümlədən Ümumdünya Şahmat Olimpiadasında ədalət təmsilçilərinin vəzifəsindən danışılıb.
Seminarın məruzəçisi FİDE rəhbərliyinin katibi, beynəlxalq hakim Vadim Çıpinin təəssüratlarını təqdim edirik.
Qonaq əvvəlcə FİDE-nin təşkilatçılığıyla keçirilən seminarın əsas məqsədi barədə danışdı: "Beynəlxalq Şahmat Federasiyasında son dəyişikliklərdən sonra bütün işlər daha peşəkar, şəffaf keçirilir. Arkadiy Dvorkoviç FİDE-yə prezident seçiləndən sonra bütün sahələr üzrə peşəkar prinsiplər əsas götürülüb. Yarışların təqvimi əvvəlcədən təsdiqlənir, şahmat ictimaiyyətiylə rahat əlaqə yaradılıb. Yeni qərarlarda şahmat federasiyaları güclü dəstəyi hiss edir. FİDE bütün təkliflərə açıqdır. Yeni layihələr qısa müddətdə müzakirə edilir və dərhal münasibət bildirilir. FİDE eyni zamanda hakimlərə böyük diqqət yönəldir. Bakıda təşkil olunan seminarlar onlara təcrübələrini artırmaq və yeniliklər barədə ətraflı məlumat almaq imkanı verir".
Seminarın əhəmiyyəti barədə danışan Vadim Çıpin Azərbaycanda keçirilən şahmat turnirlərinin yüksək təşkilatçılığını xatırlatdı: "Azərbaycan sözün əsl mənasında şahmat ölkəsidir. Ölkənizdə şahmat üzrə mötəbər yarışlar yüksək səviyyədə təşkil olunur. 2015-ci ildə Dünya Kuboku, ardınca Ümumdünya Şahmat Olimpiadası, hər il Şəmkirdə keçirilən Vüqar Həşimov Memorialını qeyd edə bilərəm. Bununla yanaşı azərbaycanlı şahmatçılar daim həm fərdi yarışlarda, həm də komanda turnirlərində qələbələr qazanır. Bu uğurlar Azərbaycan dövlətinin, şəsxən prezident İlham Əliyevin şahmata olan diqqət, qayğısının nəticəsidir. O hər zaman şahmatçıların yarışlarda iştirakını diqqətdə saxlayır.
Şahmatı sevən, uzun illər şahmatın inkişafı üçün çalışan Mahir Məmmədovun Beynəlxalq Şahmat Federasiyasına vitse-prezident seçilməsi FİDE-nin Azərbaycana olan etimadının nəticəsidir. Bu mənada seminarın məhz Bakıda təşkili təsadüfi deyil. FİDE iki ölkədə hakimlərin mötəbər yarışlara hazırlığına həsr olunan seminarın keçirilməsi barədə qərar qəbul edib. Azərbaycan Şahmat Federasiyasına olan etimada görə seminarlardan biri Bakıya həvalə edildi. Dörd ölkədən hakimlər yeni qaydalar, gələcək turnirlər barədə məlumat əldə etdi. İngilis dilində praktika keçirildi. Bu seminar sayəsində hakimlərə olimpiadada işləməyə imkan verən təcrübə əldə etmək imkanı verilir. Seminar zamanı Azərbaycanda şahmat hakimlik məktəbinin formalaşmasında böyük xidmətləri olan, dünya səviyyəli peşəkar, AŞF-nin vitse-prezidenti Faiq Həsənov təcrübəsini iştirakçılarla bölüşdü, onları maraqlandıran suallara cavab verdi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB