Nazir: "Gənclər Festivalı bizim üçün çox önəmli tədbirdir"

Nazir: "Gənclər Festivalı bizim üçün çox önəmli tədbirdir"

"Bakıda keçiriləcək XV Avropa Gənclər Yay Olimpiya Festivalı bizim üçün çox önəmli tədbirdir. Yarışa 14-18 yaşlı idmançılar qatılacaqlar. Belə kompleks idman yarışlarında Atletlər kəndində və yarışlarda maraqlı ab-hava olur. Gələcəkdə Olimpiya Oyunlarında iştirak edəcək gənc idmançılar üçün bu yarışlar böyük təcrübə olacaq". SİA-nın məlumatına görə, bu sözləri mayın 6-da Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsinin Avropa Milli Olimpiya Komitələrinin nümayəndə heyətinin rəhbərləri üçün keçirdiyi seminardan sonra mətbuat konfransında Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov deyib.

Nazir bildirib ki, festivalda əsasən komanda idman növləri üzrə yarışlar olacaq: "İstəyirik ki, idmançılarımız komanda növlərində də öz bacarıqlarını nümayiş etdirsinlər. Bakıda təşkil olunan ilk Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunlarından çoxlu avadanlıq saxlamışıq. Könüllülər yarışa tam hazırdır. On iki mindən çox könüllü müraciət etmişdi və onlardan 8 mini müsahibədən keçib. Nəhayət, 2500 könüllü seçilib. Bu günədək 2700 idmançı və 1300 nümayəndə heyəti iştirakını təsdiqləyib. Hakim və digər qonaqlarla birlikdə 5 min nəfərin Bakıya gələcəyini ​ gözləyirik".

Onun sözlərinə görə, bilet satışı üçün “iTicket” şirkəti ilə müqavilə bağlanılıb: "Açılış və bağlanış mərasimlərinə biletlər 5-10 manata, yarışlara isə pulsuz olacaq. Biletlər iyunun 10-dan satışa çıxarılacaq. Festivala hazırlıq işlərində əsasən yerli mütəxəssislər çalışır. Yalnız bir əcnəbi mütəxəssis bizlə çalışır ki, nəqliyyat planını hazırlayır. Həmin şəxs Formula 1 ​ yarışlarının da ​ nəqliyyat planını tərtib edir”.

​Avropa Olimpiya Komitəsi Əlaqələndirmə Komissiyasının rəhbəri, Serbiya Milli Olimpiya Komitəsinin baş katibi Corce Visaçki festivala hazırlığı yüksək qiymətləndirib: "Artıq 15 ildir bu istiqamətdə çalışıram. 2015-ci ildə ilk ​ Avropa Oyunlarının uğurla keçməsi Azad Rəhimovun böyük əməyi sayəsində gerçəkləşib. İnanırıq ki, festival da yüksək səviyyədə təşkil olunacaq. Belə tədbirlər Azərbaycanın dünyada tanınması üçün yeni imkanlar açır. Belə uğurlu layihənin bir parçası olmaq mənim üçün qürurvericidir”.

Daha sonra festivaldan bəhs edən videoçarx nümayiş olunub.

Qeyd edək ki, XV Avropa Gənclərinin Yay Olimpiya Festivalı iyulun 21-27-də Bakıda keçiriləcək. Yarışlarda iştirak etmək üçün Azərbaycana 3600-dən çox nümayəndə heyəti üzvləri gələcək. Atletlər idmanın 10 növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня