MOKA-nın Baş Assambleyası davam edir - FOTO

MOKA-nın Baş Assambleyası davam edir - FOTO

Yaponiyanın Tokio şəhərində keçirilən Milli Olimpiya Komitələrinin Assosiasiyasının (MOKA) Baş Assambleyası davam edir. SİA-nın məlumatına görə, Baş Assambleyada ölkəmizi Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə təmsil edir.

Həmçinin, tədbirdə MOK-un baş katibinin müavini Azər Əliyev, Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Anar Bağırov və Marketinq İdarəsinin rəisi Mehman Kərimov iştirak edirlər.

Noyabrın 29-da keçirilən iclasda açılış nitqi ilə çıxış edən Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax Milli Olimpiya Komitələrinin nümayəndələrini salamlayıb. O, çıxışında Olimpiya dəyərləri və Olimpiya hərəkatı, MOK-lar arasında əlaqələrin qurulması və inkişafı mövzusunda danışıb. T.Bax həmçinin, Olimpiya təhsili və idmanın təşviqinin vacibliyini vurğulayıb.

Assambleya çərçivəsində "Tokio-2020", "Paris-2024" və "Los-Anceles-2028" Yay Olimpiya Oyunlarının Təşkilat Komitələrinin nümayəndələrinin çıxışları dinlənilib. "Pekin-2022" Qış Olimpiya Oyunları və "Lozanna-2020" Yeniyetmələrin Qış Olimpiya Oyunlarının nümyaəndələrinin məruzə çıxışları gündəlikdə olan məsələlər sırasında olub.

Əlavə olaraq, iclas çərçivəsində Tədbirlərin Təşkili Komissiyası və Yeniyetmələrin Komissiyasının əməkdaşları çıxış ediblər.

Xatırladaq ki, 30 noyabrda assambleya iştirakçıları üçün "Tokio-2020" Yay Olimpiya Oyunlarının keçiriləcəyi yarış obyektləri ilə tanışlıq nəzərdə tutulub. Sonda Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin iclası keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə