Bütün dünyaya məlumdur ki, Azərbaycanda idmanın inkişafı üçün dövlət səviyyəsində böyük işlər aparılır və bu işlər öz yüksək nəticələrini göstərir. Məhz dövlət səviyyəsində göstərilən diqqətdən sonra Azərbaycanda fərdi idman növləri ilə yanaşı, komanda idman növləri də inkişaf etməyə başlayıb. Bu növlərdən ən birinci nəticə verən isə voleybol olub. Bir zamanlar ən güclülər sırasında olan, Avropada böyük nailiyyətlər əldə edən Azərbaycan voleybolu indi niyə zəifləyib? Qadın voleybolçuların ölkə çempionatını keçirmək üçün niyə klublar tapılmır? Kişi voleybol komandaları niyə dağılırlar? Milli yığma komanda dünya çempionatı kimi mötəbər yarışa niyə gənc və təcrübəsiz voleybolçularla yollanır? Millimiz dünya çempionatında niyə zəif çıxış etdi?
Bütün bu və digər suallara cavab tapmaq üçün SİA sözügedən mövzu ətrafında araşdırma aparıb.
Azərbaycanda voleybol...

Öncə oxucularımıza Azərbaycan voleybolu haqda qısa məlumat verək. Ölkəmizdə voleybol idman növü 1926-cı ildə yaranıb. Təbii ki, ilk illərdə həvəskar səviyyədə olan bu idman növü 1932-ci ildə daha sürətlə inkişaf edib və bu ildə ilk dəfə həm kişilər, həm də qadınlar arasında Bakı birinciliyi keçirilib. Həmin dövrlərdə bir neçə idman klub və cəmiyyətlərində voleybol komandaları fəaliyyət göstərib və bir çox yarışlarlarda iştirak ediblər.
1965-ci ildə qadınlardan ibarət “Neftçi” komandası Həmkarlar İttifaqlarının VIII Ümumittifaq Spartakiadasında 1-ci, kişilərdən ibarət komanda isə 3-cü yeri tutub. 1972-ci ildə isə "Neftçi" SSRİ çempionatında 3-cü yerə çıxıb. Sonrakı illərdə yaxşı oynamayan komanda 1979-cu ildə Yüksək Liqanı tərk edərək I liqaya keçib.
1986-cı ildə isə gənc mütəxəssis Faiq Qarayev BMKZ ("Neftçi") komandasına baş məşqçi təyin olunub və bir sıra uğurlara imza atılıb. Komanda güclülər dəstəsində iştirak etmək hüququ qazanıb və 1990-cı ildə SSRİ çempionatının bürünc medalına yiyələnib. 1991-ci ildə isə SSRİ-də sonuncu ölkə kuboku yarışlarında BMKZ qalib olub.
Azərbaycan müstəqillik əldə etdikdən sonra beynəlxalq miqyaslı yarışlarda öz milli komandamız ilə çıxış etməyə başlamışıq. Azərbaycan Voleybol Federasiyası 1992-ci ildə yaranıb. Həmin ildən etibarən Beynəlxalq Voleybol Federasiyasına (FIVB) və Avropa Voleybol Federasiyasına (CEV), 2005-ci ildə isə Şərqi Avropa Voleybol Zonal Assosiasiyasına (EEVZA) daxil olub. 1997-2000-ci illər ərzində Azərbaycan voleybol komandaları Avropa Voleybol Konfederasiyasının qərarına əsasən rəsmi beynəlxalq yarışlarda iştirak etməkdən məhrum ediliblər. Yalnız 4 illik fasilədən sonra - 2001-ci ildən etibarən komandalar yenidən beynəlxalq yarışlara buraxılıblar.
2000-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev Türkiyədə işləyən tanınmış məşqçi Faiq Qarayevi Vətənə dəvət edib. Faiq Qarayev milli yığma komandaya və "Azərreyl" voleybol klubuna baş məşqçi təyin olunub. Bundan sonra Azərbaycan voleybolunda böyük uğurlara imza atılıb. 2002-ci ildə "Azərreyl" Voleybol Klubu Avropa "Top Komandalar" kubokunu qazanmaqla müstəqil Azərbaycanın idman tarixində komanda idman növləri üzrə kuboka yiyələnən ilk komanda olub. 2004-cü ildə isə "Azərreyl" Voleybol Klubu Avropa Çempionlar Liqasının "Dördlər Finalı"nda iştirak edib. Qadınlardan ibarət milli yığma komanda da qitə və dünya birinciliklərində Azərbaycanı layiqincə təmsil edib. Milli komanda 2005-ci ildə Avropa "Qran-Pri" turnirinin qalibi olub və Xorvatiyada keçirilən Avropa Çempionatında 4-cü yeri tutub.
Sonrakı illərdə “Rabitə”, “Azərreyl”, “Lokomotiv”, “Bakı” və digər klublar Avrokuboklarda qalib və mükafatçı olublar. Millimiz isə iki dəfə Avropa çempionatında ilk 4-lükdə, dünya çempionatında 12 və 11-likdə qərarlaşıb. Builki dünya çempionatı isə davam edir. Komandamız təxminən ilk 15-likdə qərarlaşacaq.
Azərbaycan çempionatı isə 2001-ci ildən etibarən keçirilir.
Kişi voleybolundakı problemlər...

Komandalar niyə dağılır?
Araşdırmalarımızdan sonra bu qərara gəlmək olar ki, əslində Azərbaycanda kişi voleybolunda əsas problem özəl şirkətlərin və digər qurumların bu istiqamətdə pul xərcləmək, sponsor olmaq istəməməsidir. Yəni federasiyadan başqa, heç bir qurum kişi voleybol klubuna sponsor olmaqda maraqlı deyil. Hazırda mövcud olan klubların əksəriyyəti də məhz Azərbaycan Volebol Federasiyası tərəfindən maliyyələşdirilir.

Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin sabiq məşqçisi, “Nefçi” və “Sərhədçi” klublarının keçmiş baş məşqçisi, 2-ci dərəcəli beynəlxalq məşqçi Ziya Rəcəbov ölkə çempionatlarının hər zaman yüksək idman mübarizəsi şəraitində keçməsinə baxmayaraq, Azərbaycanda kişi voleyboluna sponsorluq edənin tapılmadığını dedi:
- Ölkəmizdə çox güclü kişi voleybolçular var. Buna görə Azərbaycan çempionatlarında da həmişə yüksək rəqabət olub. Pul olmasa da, kişi voleybolçular hər zaman yüksək əzmkarlıq göstərirlər. 2016/2017 mövsümündə ölkə çempionatında 7 komanda mübarizə aparırdı. Əslində, öncə 8 komanda yarışırdı. “Sumqayıt”da maliyyə problemləri olduğundan çıxışını dayandırdı. Ancaq son 15 ildə güclü belə çempionat keçirilməmişdi. Çempionatın 2 turu Naxçıvanda, 2 turu Bakıda təşkil edildi. Final isə Naxçıvanda baş tutdu. Çox yüksək səviyyəli yarış oldu. İlk yerə “Lokomotiv”, ikinci yerə “Neftçi”, üçüncü yerə isə “Naxçıvan” komandası çıxdı.
2017/2018-ci ildə isə final qarşılaşması “Sərhədçi” Olimpiya İdman Mərkəzində keçirildi. Bütün zal azarkeşlə dolmuşdu.
Ötən mövsüm “Neftçi”, “Lokomotiv”, “Ekspress”, “Sərhədçi”, U-18, “Naxçıvan”, MOİK komandaları mübarizə aparıb. 2016/2017-ci il mövsümündə “Lokomotiv” Avrokuboklarda 1/8 finala qədər irəlilədi.
Hazırda millimiz Avropa Liqasında qrupda 2-ci yerdədir. Dekabrda ikinci tur başlayacaq. Azərbaycan Lüksemburq, İsveçrə, Yunanıstanla mübarizə aparır.
Kişi voleybolunda potensial olduğu halda, ancaq qadın voleyboluna önəm verirlər.
Ən yaxşı kişi voleybol dönəmi 2001-ci ildən 2004-2005-ci ilə qədər olub. 2001-ci ildə ölkə çempionatında 18 komanda mübarizə aparıb. Sonra komandalar dağıldı. 2015-ci ildə də yaxşı inkişaf yolu keçdik. Birinci Avropa Oyunlarında məğlub olsaq da yaxşı çıxış etdik.
Bu il isə hələ ki, Azərbaycan çempionatının yüksək liqasının keçirilməsi haqqında heç bir xəbər yoxdur. Nə zaman keçiriləcəyi də məlum deyil.
“Neftçi”dən başqa bütün kişi və qadın klublarını federasiya maliyyələşdirir. Axı federasiya neçə komandanı maliyyələşdirməlidir? Milli komandaları da nəzərə almaq lazımdır. Sponsorlar olmadığına görə, bir çox komandalar dağılıblar. Şirkətlər, digər qurumlar komandalara sponsor olsalar, klublar dünya səviyyəsində yüksək nailiyyətlər əldə edərlər. Birinci Liqada hazırda 13 komanda yarışır. Sponsor olsa, bu komandalar yüksək səviyyədə inkişaf edərələr.
Qadın voleybolçuların ölkə çempionatını keçirmək üçün niyə klublar tapılmır?

“Klubu saxlamaq üçün böyük maliyyə tələb olunur”
Mövzu ilə bağlı Azərbaycan Voleybol Federasiyası ilə də əlaqə saxladıq. Mediaya açıq fəaliyyəti ilə seçilən federasiyanın mətbuat xidmətinin rəhbəri Şəfəq Kərimova sullarımızın hamısını səbrlə cavablandırdı.
Federasiya rəsmisi öncə ölkə çempionatında iştirak üçün qadın voleybol komandalarının tapılmaması haqqında fikirlərini bildirdi:
- Biz Federasiya olaraq klub yaratmaq və çempionatda iştirak etmək istəyənlərə əlimizdən gələn köməkliyi edirik. Hər hansı klubu saxlamaq üçün böyük maliyyə tələb olunur. Büdcə lazımdır. Klubları saxlayan qurumlar 1 ildən sonra həmin büdcəni davam etdirə bilmədiklərinə görə klub bağlanır. Ona görə də qadın voleybolçuların ölkə çempionatında az sayda komanda oynayır. Kişi voleybolunda da bu səbəbdən komandalar dağılırlar.
“Demək olar, hazırda bütün klublar federasiya tərəfindən maliyyələşdirilir”
- Voleybol digər növlərdən fərqlidir. Beynəlxalq turnirlərdə Avropa Voleybol Konfederasiyası tərəfindən də böyük bir mükfat fondu qoyulmur. Belə amillər klub rəhbərlərinin marağının itməsinə gətirib çıxarır. Bu isə federasiyadan asılı deyil. Biz maksimum ölkə çempionatına mükafat fondu təşkil edə bilərik. Bu da maliyyə amili ilə bağlıdır. Əvvəllər qiymətli mükafatlar olurdu, son zamanlar isə yalnız medallar, diplomlar və kubok təqdim olunur.
Ötən il də yüksək dəstədə klublarımızın sayı az idi. Cəmi 3-4 klub var idi. Ona görə birinci liqa, həvəskarlar liqası təşkil etdik və onlara üstünlük verdik.
Hazırda, demək olar bütün klublar federasiya tərəfindən maliyyələşdirilir. Bunu da davam etdirmək çətindir. Bu, illik olan məsələdir. Davam etdirmək çox böyük maliyyə tələb edir.
Avrokuboklarda cəmi 1 komandamız iştirak edəcək...

- Cari mövsüm yalnız qadınlardan ibarət “Azərreyl” komandası Çağırış kubokunda iştirak edəcək. Qalan qadın və kişi klublarımız avrokuboklarda iştirak etməyəcəklər. Hansı ki, bir neçə il öncə Çempionlar Liqasında 3 klubumuz iştirak edirdi. Avrokuboklarda ümumilikdə 5 komanda mübarizə aparırdı. Biz istəyərdik ki, voleybolumuz həmin səviyyəyə qalxsın. Ancaq bu, federasiyanın əlində olan məsələ deyil.
Avrokuboklarda iştirak etmək üçün lisenziya qazanmış komandalar büdcələri varsa, yay aylarından müraciət etməlidirlər. Bizim lisenziyası olan klublar isə bunun üçün müraciət etməyiblər. Onlar iştirak etməyəndə federasiyanın reytinqi də aşağı düşür.
Yüksək dəstədə ölkə çempionatı niyə başlamır?
- Dünya çempionatından yeni qayıtmışıq. Ölkə çempionatı ilə bağlı federasiyada bu gün (15 oktyabr - red.) iclas oldu. Noyabrın ortalarında daxili çempionatın başlanması nəzərdə tutulub. Yenə də klublardan dağılanlar, adları dəyişdirilənlər var. Hələ ki, tam dəqiqliklə demək olmur kişi və qadınların çempionatında hansı klublar iştirak edəcəklər. Kişilərdə bölgələrin bəzi komandaları da ölkə çempionatında iştirak etmək istəyirlər. Sadəcə onlardan rəsmi məktublar gözləyirik. Bu gün üçün tam olaraq klubların sayını deyə bilmərik.
Milli komandamız dünya çempionatında niyə zəif çıxış etdi?

- Deməzdim ki, dünya çempionatında komandamız pis çıxış etdi. Millimizdə çoxlu gənc voleybolçular var. Komandanın yarısı dünya və Avropa çempionatı kimi yarışlarda iştirak etməmişdi. Qrupumuz da zəif deyildi - Koreya, Tayland, Trinidad və Tobaqo, Rusiya və Amerika kimi güclü komandalar mübarizə aparırdılar. Komandamızın qarşısına qoyulan birinci məqsəd qrupdan çıxmaq idi. Biz qrup mərhələsini keçdik. Düzdür, sonrakı oyunlarda da qələbə qazanmaq şansımız var idi. Lap birinci oyunda Amerika ilə görüşdə də qalib ola bilərdik. Ancaq təcrübəsizlik imkan vermədi.
Milli komandanı yığarkən toplanışa 34 idmançı cəlb olunur. Dünya çempionatına əlimizdə olan ən güclülərini seçib göndərdik. Ona qədər yoldaşlıq görüşləri, təlim-məşq toplanışları olmuşdu. Ən böyük çətinliyimiz toppaylayıcıda oldu. Kristina, Yana, Şəfaqət - bu oyunçuların heç biri belə böyük yarışda, belə sıx cədvəllə oynamamışdılar.
Bununla bağlı federasiya rəhbərliyi toplantılar keçirəcək. Qarşıda komandamızı Avropa çempionatı gözləyir. Komandada olan çatışmazlıqlar rəhbərlik və məşqçilər tərəfindən təhlil olunacaq və qarşıdakı yarışlarda aradan qaldırlacaq.
Faiq Qarayev və Nataliya Məmmədova niyə millidəki karyeralarını bitirdilər?

Faiq Qarayevin səhhəti ağırlaşdı...
- Nataliya Məmmədova bildirdi ki, artıq gənc voleybolçulara oynamağa imkan verilməlidir. O, millidə karyerasını bitirməsini bununla izah etdi. Düzdür, Nataliya Qazaxıstan klubunda oynayacaq, ancaq millidəki karyerasını başa vurub.
Faiq Qarayev isə İtaliya ilə oyunda özünü çox pis hiss etdi. Səhhəti ağırlaşdığına görə həkimlər onu meydandan kənarlaşdırdılar. O, növbəti oyunda komanda ilə meydana çıxmadı. Çünki xəstəxanaya yerləşdirilmişdi. Ancaq belə böyük yarışda komandanı yarı yolda qoymadı. Növbəti oyunlarda həkimlərin icazəsi olmasa da, komandanın yanında oldu.
Nazirlik rəsmisi: “Çıxış yollarını axtarırıq”

Ölkədə idman siyasətinin icra olunmasını təşkil edən və bunu nəzarətdə saxlayan Gənclər və İdman Nazirliyinin müvafiq sektorundan da mövzu ilə bağlı fikir öyrənmək istədik. Nazirliyin sektor müdiri Nicat Həsənov ölkə voleybolundakı sadaladığımız problemlər haqqında sualları qısa cavblandırdı:
- Bu sualları federasiyaya yönəltməlisiniz. Bizim onlara təkliflərimiz olub. Onlar da götür-qoy edirlər. Bu qədər komandanı da saxlamaq asan məsələ deyil. Biz çıxış yollarını axtarırıq. Özümüzdə müzakirələr edirik. Mən sizə indi konkret heç nə deyə bilmərəm. Azərbaycan çempionatının başlanması haqda isə federasiyadan cavab gözləyirik”.
“Güclü ölkə çempionatı ən əsas amillərdən biridir”

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov voleybolun ölkədə komanda idman növü kimi ən güclü potensiala malik olduğunu vurğuladı:
- Voleybol Azərbaycanda ənənələri olan idman növüdür. Qadınlardan ibarət komandamız beynəlxalq yarışlarda bir çox uğurlar əldə ediblər. Bakıda Olimpiya Oyunlarına lisenziya xarakterli turnir, Gücüstanla birlikdə Avropa çempionatı keçirilib. Voleybol reallıqda ölkəmizi komanda idman növləri üzrə Avropa, dünya çempionatlarında və Olimpiya Oyunlarında uğurla təmsil etmək ehtimalı olan ən güclü potensiala malik növdür. Ona görə, yüksək rəqabətli daxili çempionat nəyin bahasına olursa olsun, mütləq keçirilməlidir. Güclü ölkə çempionatı güclü milli yığma komanda üçün heyətin formalaşdırılması, seleksiya işinin aparılması istiqamətində ən əsas amillərdən biridir. Çünki oyun praktikası çox vacib amildir.
“Mütləq marketinq sahəsi üzrə iş aparılmalıdır”
- Yüksək inkişaf üçün bəzi amillər vacibdir. Yalnız Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, federasiya deyil, özəl sektor və digər qurumlar da bu işə qoşulmalıdır. Məsələn, Türkiyədə demək olar ki, federasiya tərəfindən maliyyəşən klub yoxdur. Klubların hər birini ayrı-ayrı özəl şirkətlər və qurumlar maliyyələşdirir.
Azərbaycanda Gənclər və İdman Nazirliyi idmançıları beynəlxalq yarışlara, Avropa və dünya çempionlarına ezamiyyə edir. Ancaq voleybol klublarının yaranması, yaşaması və inkişafı üçün marketinq güclü olmalıdır. Bu, komanda idman növü olduğu üçün böyük maliyyə tələb edir. Voleybolda əlavə sərmayəyə ehtiyac var. Maliyyə bir neçə iş adamları, şirkətlər arasında bölüşdürülə bilər. Mütləq yeni düşüncələri özündə əks etdirən marketinq sahəsi üzrə iş aparılmalıdır. Bunun üçün bizim həm potensialımız, həm idman mütəxəssislərimiz, həm də azarkeşlərimiz var.
İnanırıq ki, Azərbaycan voleybolu yaranmış vəziyyətdən uğurla çıxacaq, həm kişi, həm də qadın komandalarımız yenə də dünya miqyasında böyük nailiyyətlərə imza atacaq, Avropa, dünya çempionatları, Olimpiya Oyunlarında medallar qazanaraq xalqımzı sevindirəcəklər.
Elgün Vidadioğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB