"Belə əzmkar qələbələr xarakter göstərməklə mümkün olur"

"Belə əzmkar qələbələr xarakter göstərməklə mümkün olur"

"Neftçi"nin prezidenti Kamran Quliyev Premyer Liqanın XVIII turunda "Qəbələ" ilə qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandırıb.

- İlk olaraq Premyer Liqanın XVIII turunda "Qəbələ" üzərində qələbə qazandığınız oyun barədə fikirlərinizi bildirərdiniz...

- Çətin oyun oldu. İlk olaraq topa biz nəzarət edirdik. Sonra "Qəbələ" üstünlüyü ələ aldı. Gözlənilmədən qol buraxdıq. Elə epizodda top buraxdıq ki, oyunun gedişinə əks olan bir şey idi. Ancaq komanda ikinci hissədə toparlandı. Görünür, baş məşqçi fasilədə paltardəyişmə otağında lazımi sözləri tapıb, tapşırıqlarını verib. Əsas odu ki, qələbə qazandıq, aktivimizə 3 xal yazdırdıq. Avropa Liqasına şansımız var, bunun uğrunda mübarizəni davam etdiririk. Komanda ümidlənir, ab-hava düzəlir. "Qəbələ" kimi güclü komandanı səfərdə məğlub etdik. Burdan tək-tük komanda xal apara bilir. Amma biz 3 xal apardıq.

- Bu nəticəni gözləyirdinizmi?

- Bəli, gözləyirdim. Komanda son turlar özünə gəlir. Bu, mənim gəlişimlə əlaqəli deyil. Qışda problemlər olmuşdu. Ondan sonra komanda öz oyununu tapmaqdadı.

- Yəni əvvəlki "Neftçi"nin qayıdacağına ümid etmək olar?

- Əlbəttə ki, ümidlənmişik. Çətin rəqibə qarşı çıxış edirdik. Bu, bizim gücümüzün 60-70 faizidi. Hesab edirəm ki, bundan da yaxşı performans ortaya qoya bilərik.

- Sizin gəlişinizdən əvvəl Lukas Qomez transfer edilsə də, qollarınızı Mirabdulla Abbasov vurur...

- Bu, çox yaxşıdı. Mirbadullanın bu çıxışı bizi sevindirir.

- Deyəsən, yaxşı mükafat vəd etmisiniz...

- Patardəyişmə otağında hamını təbrik etdim. İkincisi, hamı təkcə mənə görə yox, qələbəyə görə sevinirdi. Təbii ki, stimul olmalıdı ki, motivasiya yüksək olsun. Amma biz ilk növbədə klubdakı ab-hava ilə məşğuluq. Bu da yavaş-yavaş özünü büruzə verir.

- Fasiləyə məğlub durumda yollandınız. Sizcə, birinci hissədə nə çatmırdı?

- Özünəinam. "Neftçi"nin hər futbolçusu bu komandanın formasını geyindiyini bilməli və istənilən rəqibə qarşı inamla mübarizə aparmalıdı. Düzdü, bizdə nisbətən bir neçə gənc oyunçu var. Onların oyununda həyəcan görünür. Ancaq belə əzmkar qələbələr xarakter göstərməklə mümkün olur. Bu da onlara əlavə stimul verir.

- Oyunun qəhrəmanı kimi sayırsınız?

- Bunu demək istəmirəm. Çünki qələbədə hər kəsin böyük rolu oldu. Heç kimi ayrı-ayrılıqda qeyd etmirik.

- Nə vaxtsa ağlınıza gələrdi ki, yaratdığınız "Sumqayıt"la Avropa Liqasına vəsiqə uğrunda mübarizə aparacaqsınız?

- 15 dəqiqədən sonra nə olacağını bilmirəm. Gələcəyi bilmək olmur. Amma belə maraqlı mübarizə gedir.

Bütün xəbərlər Facebook səhifəmizdə