Azərbaycan Triatlon Federasiyası (ATF) İcraiyyə Komitəsinin 2017-ci il üçün son iclası keçirilib. Federasiyanın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, iclasda yığma komandanın cari mövsümdə qazandığı nəticələr, gənclərdən ibarət komandanın işində irəliləyiş, respublikada triatlonun inkişafı, habelə gələn il üçün planlar müzakirə edilib.
Qurumun prezidenti Azər Məhərrəmov bu ilin idman nəticələri və federasiyanın fəaliyyəti baxımından uğurlu olduğunu vurğulayıb: “Komandanın lideri olan Rostislav Pevtsov bir neçə parlaq nəticələr əldə edib. Cari il R.Pevtsov Avropa Kubokunda, həmçinin Afrika və Asiya Açıq çempionatlarında qələbə qazanıb, Çin və Koreyada keçirilən Dünya Kuboklarında gümüş medala layiq görülüb. Cari mövsümdə keçirilən Avropa Kuboklarının ümumi hesabında idmançımız 2-ci olub. Kseniya Levkovskaya isə Açıq Afrika Kubokunda qızıl medal əldə edib. Darina Moskalenko bu il elitada öz qücünü sınayıb”.
ATF-nin vitse-prezidenti Rüstəm İbrahimov isə yeni olimpiya dövrü barədə danışıb: “Gələn ildən idmançılar “Tokyo-2020” Olimpiadasında iştirak etmək üçün artıq xallar yığmağa başlayacaqlar. Növbəti dövrədə triatlonçularımız iki olimpiya lisenziyası uğrunda mübarizə apara bilərlər”.
Federasiyanın baş katibi Cavad Axundzadə Azərbaycanda triatlon idmanının inkişafından söhbət açaraq deyib: "Bizim bir neçə perspektivli idmançımız var. Onlara ümidimiz çoxdur. Bundan əlavə seleksiya işi aparılır. Əlbəttə, triatlon idmanın spesifik növüdür. Burada qısa müddətdə yüksək nəticələrə nail olmaq mümkün deyil. Ona görə də idmanın bu növünün populyarlaşdırılması Azərbaycan tiratlonunun gələcək uğurlarının rəhni ola bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB