08-12 noyabr 2010-cu il tarixdə "Sərhədçi" İdman Olimpiya Mərkəzində Helsinki Olimpiya Oyunlarının gümüş mükafataçısı Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş Respublika turniri keçiriləcək. Azərbaycan Güləş Federasiyasından (AGF) SİA-ya verilən məlumata görə, turnirdə yunan-Roma və sərbəst güləş üzrə yeniyetmələr (1994-1995-ci il təvəllüdlü), həmçinin qadın güləşi üzrə yeniyetmələr (1994-1995-ci il təvəllüdlü) və gənclər (1991-1993-cü il təvəllüdlü) mübarizə aparacaq. Xatırladaq ki, yeniyetmə və gənc qızlar bu turnirdə ilk dəfə iştirak edəcəklər.
Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş Respublika turnirində AGF-nin regional nümayəndəliklərində keçirilən təsnifat yarışlarında qalib və mükafatçılar sırasına düşmüş idmançılar iştirak edə biləcək. Turnirdə ilk üç yeri tutan idmançılar medal və diplomlarla, həmçinin pul mükafatı ilə təltif olunacaqlar.
Respublika turnirinin proqramına əsasən, 08-09 noyabrda yunan-Roma güləşçiləri, 10-11 noyabrda sərbəst güləşçilər öz aralarında ən güclüləri müəyyən edəcək. Turnirdə ilk dəfə iştirak edəcək yeniyetmə və gənc qızlar isə noyabrın 12-də mübarizəyə qoşulacaq.
Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş Respublika turnirinin nəticələrinə əsasən hər güləş növü üzrə yığma komandaların heyəti (40 nəfər) müəyyənləşəcək və bu heyət 2011-ci ilin yanvar ayında şəhid idmançı Müşfiq İsayevin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə iştirak edəcək.
Noyabrın 13-15-də isə, gənclərdən ibarət yunan-Roma və sərbəst güləş yığma komandalarının heyətini müəyyənləşdirəcək "Hünər meydanı" Respublika turniri keçiriləcək. Turnirdə 1991-1993-cü il təvəllüdlü idmançılar iştirak edəcək. Respublika turnirinin proqramına əsasən, noyabrın 13-14-də yunan-Roma güləşçiləri, 14-15-də isə sərbəst güləşçilər mübarizə aparacaq.
Qalib və mükafatçılar gənclərdən ibarət yığma komandanın heyətinə cəlb ediləcək və beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək hüququ qazanacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB