"Bakıda hava şəraiti normaldı. Meydançanı hələ görməmişəm. Amma eşitdiyimə görə, yaxşı vəziyyətdədi". Apasport.az saytının məlumatına görə, bu sözləri "Kopenhagen" klubunun baş məşqçisi Stole Solbakken deyib. Danimarka təmsilçisi Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində sabah "Qarabağ"ın qonağı olacaq. Matçdan öncə mətbuat konfransı keçirən qonaqların çalışdırıcısı bunları deyib: "Rəqib haqda məlumatımız var. "Qarabağ" keyfiyyətli komandadı. Xüsusən də, öz meydanında yaxşı oynayır. Məqsədimiz sabahkı görüşdən sərfəli nəticə ilə ayrılmaqdı".
- Heyətlə bağlı bəzi problemlərimiz var. Xüsusilə, müdafiənin mərkəzində problemlə üzləşmisiz...
- Erik Yohansson zədəlidi. Buna baxmayaraq, onun yerini tutacaq futbolçumuz var. İxtiyarımızda olan oyunçularla ən yaxşı nəticəyə imza atmaq niyyətindəyik.
- Çempionlar Liqasının cari mövsümündə artıq 4 oyun keçirmiş "Qarabağ"ın hansı xüsusiyyəti sizi daha çox narahat edir?
- Rəqibin hücum triosunu qeyd etmək istəyirəm. Onların hər biri oyunun taleyini həll edəcək futbolçudu. Lakin "Qarabağ" təkcə onlardan ibarət deyil. Bizim kimi, "Qarabağ"ın da yaxşı Avropa təcrübəsi var.
- Vaxtilə keçirilmiş Norveç - Azərbaycan matçında komandanızın 5 qolundan 2-nə siz imza atmışdınız. Həmin matçda "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov da iştirak etmişdi. Sizcə, bu məqam rəqibdə sizə qarşı qisas hissi yarada bilərmi?
- Futbolçu karyeramda çox qol vurmuşam, hər birini xatırlamıram (gülür). Amma Azərbaycana vurduğum qollar yadımdadı. Millidə ilk qollarım idi. Lakin həmin görüşlə müqayisədə Bakıda 1:0 hesabı ilə qələbə qazandığımız qarşılaşmanı daha yaxşı xatırlayıram. Çünki həmin qələbə ilə dünya çempionatına vəsiqəni təmin etmişdik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB