“Artıq problemlər həll olunub. Güləşçilərin və milli komandalarda çalışan digər şəxslərin hamısının maaşları ödənilib”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinin rəhbəri Mayis Musayev deyib.
O qeyd edib ki, hazırda idmançılar təqvim planında nəzərdə tutulan qrafik üzrə qarşıdan gələn dünya çempionatına hazırlıqları davam etdirirlər: “Yunan-Roma və sərbəst güləş üzrə böyüklərdən ibarət yığma komandalar Olimpiya Güləş Mərkəzində, qadın güləşçilər isə Ukraynanın Kiyev şəhərində Konça Zaspa təlim-məşq bazasında hazırlıq keçirlər”.
Qeyd edək ki, Yunan-Roma güləşi yığmasının təlim-məşq toplanışı avqustun 3-dən başlayıb və çempionata yola düşənə qədər davam edəcək.
Avqustun 7-dən Ukraynaya yollanan qadın güləşçilərimiz isə ayın 21-dək bu ölkənin yığma komandası ilə birgə hazırlıqları davam etdirəcəklər.
Sərbəst güləşçilərin təlim-məşq toplanışı avqustun 6-dan başlayıb və 20-dək davam edəcək.
Dünya çempionatı 21-26 avqust tarixlərində Fransanın paytaxtı Paris şəhərində baş tutacaq. Proqrama əsasən, 21-22 avqustda yunan-Roma, 23-24 avqustda qadın güləşçilər arasında qaliblər müəyyənləşəcək. Sərbəst güləşçilər isə avqustun 25-26-da xalça üzərinə çıxacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB