AGF rəsmisi: “Güclü yeniyetmə və gənc güləçilərimiz yetişməkdədir” AÇIQLAMA

AGF rəsmisi: “Güclü yeniyetmə və gənc güləçilərimiz yetişməkdədir” AÇIQLAMA

"Ölkəmizdə əsas milli komandamızın tərkibində mübarizə aparacaq güclü yeniyetmə və gənc güləçilərimiz yetişməkdədir. Bunu bir neçə gün öncə keçirilən sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının (AGF) Kuboku uğrunda ənənəvi beynəlxalq turnirin nəticələri bir daha təsdiq etdi". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinin rəhbəri Mayis Musayev deyib.

Onun sözlərinə görə, Azərbaycanla yanaşı, Tacikistan, Ukrayna, Özbəkistan, Latviya, Rusiya, Türkiyə, İran, Gürcüstan, Qazaxıstan , Qırğızıstan və Belarusdan yüzlərlə güləşçinin iştirak etdiyi beynəlxalq turnirdə pəhləvanlarımızın uğurlu nəticələr qazanması yetişməkdə olan gənc güləşçilərimizin yüksək hazırlığından xəbər verir: "Yeniyetmə və gənclərimiz yüzlərlə idmançının arasında 23 qızıl, 13 gümüş və 27 bürünc medal qazandılar. Hər iki növdə Azərbaycan yığmaları birinci oldular. Əminəm ki, gənc idmançılarımız əsas milli komandamızın tərkibində növbəti Olimpiya Oyunlarında uğurla çıxış edəcəklər. Gənclər üzrə yığma komandalarımızda bütün çəkilərdə güclü idmançılarımız var. Bu da gələcəkdə əsas milli komandamızın tamamilə gənc idmançılardan təşkil edilməsində böyük rol oynacaq".

Ölkəmizdə bütün idman növlərinə olduğu kimi, güləşə də dövlət tərəfindən böyük diqqət və qayğı göstərildiyini vurğulayan Federasiya rəsmisi güləşçilərimizin etimadı doğrultduqlarını və gələcəkdə də yüksək nəticələr göstərmək üçün Azərbaycan Güləş Federasiyasının idmançılarımızın hazırlığını daim diqqət mərkəzində saxladığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə