"Bakı-2017" və AZAL arasında rəsmi tərəfdaşlığa dair saziş imzalandı FOTO

"Bakı-2017" və AZAL arasında rəsmi tərəfdaşlığa dair saziş imzalandı FOTO

IV İslam Həmrəyliyi Oyunları və Azərbaycan Hava Yolları QSC (Qapalı Səhmdar Cəmiyyəti) arasında rəsmi tərəfdaşlığa dair saziş imzalanıb. SİA-nın məlumatına görə, Azərbaycan Hava Yolları aviaşirkəti "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının növbəti rəsmi tərəfdaşı olub.

Tədbirdə IV İslam Həmrəyliyi Oyunlarının Əməliyyatlar üzrə baş icraçı direktoru Mayk Loynd, Azərbaycan Hava Yolları aviaşirkətinin vitse-prezidenti Eldar Hacıyev iştirak edib.

Müqavilə imzalanandan sonra qeyd olunub ki, MDB məkanında aparıcı hava şirkətlərindən biri olan, Azərbaycan Hava Yolları QSC (AZAL), 19 ölkədə 40 istiqamət üzrə uçuşlar təşkil edir.

Böyük Britaniyanın aviaşirkətlər üzrə xidmət səviyyəsini qiymətləndirən məşhur "Skytrax" konsaltinq şirkəti AZAL-ı "4 Ulduz" reytinqinə layiq görüb.

Qeyd edək ki, Bakı hava limanı Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə ən yaxşılar siyahısına daxildir.

IV İslam Həmrəyliyi Oyunlarının Əməliyyatlar üzrə baş icraçı direktoru M.Loynd mötəbər idman tədbirlərində avia şirkətlərin əsas tərəfdaşlardan biri olduğunu qeyd edərək, AZAL şirkətinin Azərbaycanda keçirilən idman tədbirlərinin bir hissəsi olmasının vacibliyini vurğulayıb: "Çox böyük nüfuza və güvənə malik Azərbaycan Hava Yolları QSC-nin "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının rəsmi tərəfdaşı olması bizim üçün çox önəmlidir. Əminəm ki, oyunların təbliğatı işlərində AZAL mühüm rol oynayacaq".

Azərbaycan Hava Yolları aviaşirkətinin vitse-prezidenti Eldar Hacıyev Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının ölkəmiz üçün təkcə idman yarışı deyil, eyni zamanda mühüm tarixi tədbir olduğunu bildirib: "Biz bu tədbirin təşkilatçılarını dəstəkləməkdən qürur hissi duyuruq. Əminəm ki, ölkəmiz digər mötəbər idman tədbirləri kimi, IV İslam Həmrəyliyi Oyunlarına da yüksək səviyyədə ev sahibliyi edəcək".

Sonda tədbir iştirakçıları jurnalistlərin suallarını cavablandırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə