"Sabah "Bakı Şəhər Halqası" Əməliyyat Şirkətinin təşkilatçılığı ilə paytaxtımızda "İrimiqyaslı idman yarışlarının keçirilməsinin ev sahibi ölkəyə faydaları-2017" mövzusunda beynəlxalq konfrans keçiriləcək. Konfransda Azərbaycanla yanaşı, Abu-Dabi, Soçi və Bəhreyn Qran-Prilərinin yüksək vəzifəli nümayəndələri iştirak edəcəklər. Tədbirə Gənclər və İdman, Mədəniyyət və Turizm Nazirliklərinin rəsmiləri, dövlət qurumlarının, biznes və xidmət sahələri ilə məşğul olan şirkətlərin təmsilçiləri, media nümayəndələri də dəvət olunacaq". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Bakı Şəhər Halqası" Əməliyyat Şirkətinin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.
Onun sözlərinə görə, qonaqlar Formula-1 yarışlarının təşkilatçılığı, bu mühüm turnirin öz ölkələrinə iqtisadi və sosial faydaları barədə məlumat verəcəklər.
N. Arpadarai qeyd edib ki, konfransda dövlət qurumları ilə biznes şirkətləri arasında dialoqun yaradılması nəzərdə tutulub: "Konfrans zamanı Azərbaycanın mötəbər beynəxalq yarışlara yüksək səviyyədə ev sahibliyi etməsi, irimiqyaslı yarışların müsbət nəticələri, ortaya çıxa bilən problemlərin həlli və ölkəmizdə biznesin buna hazırlıq vəziyyəti istiqamətlərində müzakirələr aparılacaq".
Qeyd edək ki, bu mövzuda konfrans MDB məkanında və regionda ilk dəfə olaraq Azərbaycanda təşkil ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB