İlham Zəkiyev: “Rəqibə zəif kimi baxsan, qələbə səndən üz döndərəcək” AÇIQLAMA

İlham Zəkiyev: “Rəqibə zəif kimi baxsan, qələbə səndən üz döndərəcək” AÇIQLAMA

"Bakı-2015" I Avropa Oyunlarında medalların sayına görə Azərbaycan yığması Rusiyadan sonra ikinci oldu. Ancaq nəzərə alaq ki, Rusiyanın 147 milyon əhalisi var. Azərbaycan isə 9 milyon əhali ilə bütün Avropa ölkələrini qabaqladı. "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında da birinci olmaq üçün şanslarımız çoxdur". Bunu SİA-ya açıqlamasında cüdo üzrə ikiqat Paralimpiya, ikiqat dünya, beşqat Avropa çempionu, birinci Avropa Oyunlarının qalibi İlham Zəkiyev deyib.

O qeyd edib ki, yığma komandamız "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarına yüksək səviyyədə hazırlaşır: "Ölkə rəhbərliyi tərəfindən idmançılarımıza yüksək diqqət və qayğı göstərilir. Azərbaycan Cüdo Federasiyası hazırlığımız üçün hər bir şəraiti yaradıb. Ağır çəkidə güləşdiyim üçün sparrinq rəqibim olmadığna görə, Olimpiya yığma komandasının beynəlxalq təlim-məşq toplanışlarına qatılıram".

İ.Zəkiyev islam ölkələrindən olan cüdoçuların hamısını tanıdığını bildirib: "İslam ölkələrindən olan cüdoçuların çoxu ilə güləşmişəm. Özbəkistan komandası yarışda iştirak etməyəcək. Onlar Asiya Oyunlarına hazırlaşırlar. İraq idmançısını 2015-ci ildə Dünya Kubokunda məğlub etdmişəm. İranlı idmançıya isə 2010-cu ildə dünya çempionatının finalında qalib gəlmişəm. Yarışa Əlcazair və Türkiyədən də güclü cüdoçular qatılacaq. Onların hamısını yaxşı tanıyıram. Mənim çəkimdə zəif rəqib yoxdur. Rəqibə zəif kimi baxsan, qələbə səndən üz döndərəcək. Hər bir rəqibə qarşı ciddi yanaşıram. Hansısa idmançını öncələr məğlub etmiş olsam da, ona qarşı xüsusi hazırlaşıram. Çünki o da mənə qarşı hazırlaşır".

Paralimpiya çempionumuz vurğulayıb ki, "Bakı-2017"nin paracüdo yarışlarında aşağı çəkilərdə də güclü rəqabət olacaq: "Aşağı çəkilərdə Əlcəzair və İran idmançıları güclüdür. Komandamızın əsas rəqibləri isə Qazaxıstan cüdoçularıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə