FİDE Prezident Şurası şahmatçıların reytinqinin hər ay açıqlanması barədə qərar qəbul edib

FİDE Prezident Şurası şahmatçıların reytinqinin hər ay açıqlanması barədə qərar qəbul edib
FİDE (Beynəlxalq Şahmat Federasiyası) Prezident Şurasının Al-Aində (BƏƏ) Asiya Şahmat Federasiyasının himayəsi ilə iclası keçirilib. Siasport.az saytı xəbər verir ki, FİDE prezidenti Kirsan İlyumjinov iclasda hesabat məruzəsi ilə çıxış edib. Prezident Şurası FİDE-nin Təsnifat Komissiyası sədrlərinin, Hakimlər Komissiyasının, Məşqçilər Komissiyasının və turnirlər üzrə komissiyasının adlar üzrə təkliflərini təsdiq edib. Şura Təsnifat Komissiyası sədrinin və reytinqlər üzrə inzibatçısının reytinq həddinin 1000 bəndə qədər azaldılması və reytinqlərin hər ay açıqlanması barədə təklifini qəbul edib. Bu yenilik 2012-ci il iyulun 1-dən qüvvəyə minəcək.
2011-ci ildə veteranlar arasında dünya çempionatının və həvəskar şahmatçıların dünya çempionatının təşkili ilə əlaqədar bir neçə müraciət müzakirə olunub və bu iki turnirin Yunanıstanda keçirilməsi qərara alınıb. Şahmat üzrə 2013-cü il dünya komanda çempionatı kimi, qadın komandaların dünya şahmat çempionatını da Türkiyə təşkil edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə