“Böyük Dəbilqə” beynəlxalq turniri ilə bağlı mətbuat konfransı keçirilib FOTO

“Böyük Dəbilqə” beynəlxalq turniri ilə bağlı mətbuat konfransı keçirilib FOTO

Xəbər verdiyimiz kimi, mayın 6-8-də Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş cüdo üzrə "Böyük Dəbilqə" beynəlxalq turniri keçiriləcək. SİA-nın məlumatına görə, Heydər Əliyev adına İdman Sarayında təşkil olunacaq yarışla bağlı bu gün mətbuat konfransı keçirilib.

Tədbirdə Beynəlxalq Cüdo Federasiyasının (BCF) idman direktoru Daniel Laskao, BCF-nin Hakimlər Komitəsinin sədri Berd Axiles, Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibi Elmar Babanlı və milli komandamızın məşqçisi Mövlud Mirəliyev iştirak ediblər.

Beynəlxalq Cüdo Federasiyasının idman direktoru Daniel Laskao Bakıda olmaqdan məmnunluğunu bildirib. O, "Böyük Dəbilqə" turnirinin əhəmiyyəti haqda danışıb: "Bu yarışda bir çox olimpiya və dünya çempionları iştirak edəcək. "Böyük Dəbilqə" dünyanın ən əhəmiyyətli yarışlarındandır. Sabah start götürəcək yarışda Azərbaycan hər çəki dərəcəsində 4 idmançı ilə təmsil olunacaq. Bu da sizin komanda üçün böyük şansdır".

D.Laskao Azərbaycanın yarışı yüksək səviyyədə təşkil etdiyini vurğulayıb: "Yarışın yüksək səviyyədə təşkili üçün bütün hazırlıq işləri görülüb. Azərbaycanın əziyyətini yüksək qiymətləndiririk. Gənclər və İdman Nazirliyi, ACF və sponsorlara minnətdarlığımı bildirirəm. Yarışda bizə bir çox könüllülər də yardımçı olurlar. Bu turnir Rio Olimpiadasına lisenziya xalları verəcək".

Beynəlxalq Cüdo Federasiyasının Hakimlər Komitəsinin sədri Berd Axiles bildirib ki, "Böyük Dəbilqə" turnirini idarə edəcək hakimlərin çoxu Rio Olimpiadasında ədalət prinsiplərini qoruyacaq hakimlər olacaq. O, Azərbaycanın hər zaman beynəlxalq tədbirləri yüksək səviyyədə təşkil etdiyini qeyd edib: "Azərbaycanda öncələr də beynəlxalq tədbirlərdə iştirak etmişəm. Ölkəniz hər zaman belə tədbirləri çox gözəl keçirib.

ACF-nin baş katibi Elmar Babanlı belə nüfuzlu turnirin Azərbaycanda təşkil olunmasına razılıq verdiyinə görə, BCF-yə minnətdarlığını bildirib. O qeyd edib ki, yarışın bütün işləri tam şəkildə yerinə yetirilib.

Baş katib deyib ki, "Böyük Dəbilqə" turnirinin daha 4 il Azərbaycanda keçirilməsi haqda BCF ilə danışıqlar aparılır.

Azərbaycan yığmasının məşqçisi Mövlud Mirəliyev komandamızın yarışa tam hazır olduğunu vurğulayıb: "Turnirə əsas heyətlə qatılacağıq.

İki idmançımız - Nicat Şıxəlizadə (66 kq) ilə Elmar Qasımov (100 kq) zədəli olduğuna görə yarışda iştirak edə bilməyəcək. Komandanın vəziyyəti yaxşıdır. Evdə güləşdiyimizə görə üstünlük də bizdədir".

O, bu yaxınlarda millimizin Avropa çempionatında 1 qızıl, 1 gümüş və ilk dəfə komanda yarışında 1 bürünc medal qazandığnı xatırladıb.

M.Mirəliyev komandamızdan 3-4 medal gözlədiklərini vurğulayıb.

Qeyd edək ki, yarışda 82 ölkədən 519 idmançı (329 kişi, 190 qadın) qalib adı uğrunda mübarizə aparacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə