Qızıl Qran-Pri turnirinin açılış mərasimi keçirilib

Qızıl Qran-Pri turnirinin açılış mərasimi keçirilib

Bu gün Bakı İdman Sarayında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə Qızıl Qran-Pri Beynəlxalq turnirinin açılış mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti, Dünya Güləş Birliyi (DGB) İdarə Heyətinin üzvü Namiq Əliyev, DGB-nin baş katibi Mişel Dusson, Dağıstanın baş naziri, bu ölkənin Güləş Federasiyasının prezidenti Abdusamad Həmidov və idman ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər.

Bədii hissə ilə başlayan mərasimdə rəqs nömrələri göstərilib və tanınmış müğənnilərin iştirakı ilə konsert proqramı təşkil olunub.

Sonra Azərbaycan güləşçilərinin uğurlarını əks etdirən videoçarx nümayiş etdirilib. Turnirdə iştirak edən ölkələrin bayraqları parad şəklində arenaya gətirilib.

DGB-nin baş katibi Mişel Dusson çıxış edərək belə bir möhtəşəm yarış üçün Azərbaycana gəlməkdən iftixar hissi keçirdiyini deyib. O, yarışın təşkilati işlərinin yüksək səviyyədə olduğunu qeyd edib. Baş katib belə yüksək səviyyəli turnirə görə AGF-yə minnətdarlığını bildirib. M. Dusson güləşin dünya idman tarixində önəmli yer tutduğunu vurğulayıb. O, yarışda iştirak edən idmançılar, məşqçilər və hakimlərə uğurlar arzulayıb.

AGF-nin I vitse-prezidenti, DGB-nin İdarə Heyətinin üzvü N. Əliyev artıq 8-ci ildir ki, Qızıl Qran-Pri Beynəlxalq turnirinin keçirilməsini Azərbaycana həvalə etdiyinə görə DGB-yə minnətdarlığını bildirib. O, ölkəmizdə idmana və idmançılara göstərilən dövlət qayğısından danışıb. N. Əliyev ölkə başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin Azərbaycanda idman sahəsinə xüsusi önəm verdiyini, məhz Onun məqsədyönlü siyasəti nəticəsində ölkəmizin dünyanın idman mərkəzlərindən birinə çevrildiyini vurğulayıb. O, tarixdə ilk dəfə keçirilmiş I Avropa Oyunlarının ölkəmizdə yüksək səviyyədə təşkil edildiyini xatırladıb. I vitse-prezident idmançılarımızın beynəlxalq arenalarda uğurlarından söz açıb. N. Əliyev yarışın bütün iştirakçılarına uğurlar arzulayıb.

Daha sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.

Dağıstanın baş naziri, bu ölkənin Güləş Federasiyasının prezidenti A. Həmidov AGF przezidenti Fazil Məmmədovu ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlıq və dotluq-qardaşlıq münasibətlərinin inkişafındakı xidmətlərinə görə diplomla təltif edib. O, diplomu AGF-nin I vitse-prezidenti N. Əliyevə təqdim edib.

DGB-nin baş katibi M. Dusson güləşin inkişafındakı xidmətlərinə görə A. Həmidova təmsil etdiyi qurumun xüsusi hədiyyəsini verib.

AGF-nin I vitse-prezidenti N. Əliyev isə A. Həmidova Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə Qızıl Qran-Pri Beynəlxalq turnirinin xüsusi hədiyyəsini təqdim edib.

Sonra isə sərbəst güləş üzrə final qarşılaşmalarına start verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə