İstanbul derbisi "sülhlə" bitdi

Türkiyə Super Liqasının 9-cu həftəsində əzəli rəqiblər "Fənərbaxça" və "Qalatasaray" Kadıköydə qarşılaşıb. Çempionlar Liqasında "Benfika"nı məğlub edərək rahatlıq tapan "Qalatasaray" oyuna ciddi hazırlaşıb. "Ayaks"a qalib gələn "Fənərbaxça" da derbiyə yüksək əhval-ruhiyyə ilə çıxıb.

Xatırladaq ki, 2008-ci il noyabrın 6-da "Benfika"nı Avropa Liqasından uzaqlaşdıran "Qalatasaray" üç gün sonra "Fənərbaxça" ilə qarşılaşmış və 4-1 məğlub olmuşdu. Futbolservərlər eyni vəziyyətin bu il də təkrarlanıb-təkrarlanmayacağını səbirsizliklə gözləyirlər. Belə ki, "Benfika"nı məğlub edən "Qalatasaray" yenə də üç gündən sonra "Fənərbaxça" ilə qarşılaşır... Tarix təkrarlanacaq, yoxsa 16 illik Kadıköy həsrəti son tapacaq? Hər şey bu axşam məlum olub...

"Qalatasaray" son 4 mövsümdə "Beşiktaş" və "Fənərbaxça" ilə qarşılaşdıqları oyunlarda üstün vəziyyətdədir. Sarı-qırmızılılar son 23 derbidən 13-nü qazanıb, 4-də məğlub olub. Bu dövrdə rəqiblərinin qapısına 36 qol vuran "Qalatasaray", öz qapısından 22 top çıxarıb.

"Fənərbaxça" isə neçə illərdir ki, Kadıköydəki liqa derbilərində "Qalatasaray" və "Beşiktaş"a qarşı məğlubiyyəti unudub. Sarı-göylər Şükrü Saracoğlu İdman Kompleksindəki liqa qarşılaşmalarında "Qalatasaray"a 16, "Beşiktaş"a isə 11 matçdır məğlub olmur. "Fənərbaxça" tərəfdar dəstəyi altında oynadığı Kadıköydəki liqa derbilərində "Qalatasaray"ı son 16 matçdan 13-də məğlub edib, 3-də bərabərə qalıb. "Beşiktaş" ilə oynadığı oyunlarda isə son 11 matçdan 7-ni qazanıb, 4-də bərabərə qalaraq rəqiblərinə boyun əyməyib.

"Fənərbaxça" Kadıköydəki liqa matçlarında "Qalatasaray"a sonuncu dəfə 1999-cu il dekabrın 22-də, "Beşiktaş"a isə 2005-ci il aprelin 17-də məğlub olub.

Qarşılaşmanın 37-ci dəqiqəsində "Fənərbaxça" Diego Ribasın qolu ilə 1:0 önə keçib.

Oyunda hesab bərabərləşib. Matçın 84-cü dəqiqəsində Olcan Adının qolu ilə "Qalatasaray" hesabı 1:1 edib. İstanbul derbisində qarşılaşma başa çatıb. Oyun 1:1 hesabı ilə yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə