Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzinin qapalı manejində "Çövkən" Atüstü Milli Oyunu üzrə 4-cü Azərbaycan çempionatı başa çatıb. SİA-nın məlumatına görə, yarışların əsas məqsədi, ölkədə qədim atüstü oyunların xalq arasında daha geniş yayılması, atçılıq idmanının inkişaf etdirilməsi, gənc nəslin təlim-tərbiyəsində milli ənənələrin və sağlam həyat tərzinin təbliğ edilməsindən ibarət olub. Çempionatın ümumi mükafat fondu 50 min manat idi.
Yarışlarda ölkənin müxtəlif bölgələrini təmsil edən 24 komanda iştirak edib. Ötən il Şəki şəhərində təşkil olunan Prezident Kuboku uğrunda Milli Atüstü Oyunlar Festivalında keçirilən çövkən çempionatında ilk 8 yeri tutmuş komanda yarışa 1/8 final mərhələsindən qoşulub. Çempionatın gedişində məhz həmin komandalar fərqləniblər. Yarımfinal mərhələsinin ilk qarşılaşmasında "Polad" komandası Ağdamın "Qarabağ" klubunu 4:1 hesabı ilə məğlub edərək finala yüksəlib. Digər finalçı isə "Sərhədçi" - "Ağstafa" komandaları arasındakı görüşdən sonra məlum olub. Bu oyunda "Sərhədçi" klubunun çövkən ustaları 8:0 hesabı ilə qalib gələrək finala adlayıblar.
Yarışların sonuncu günü əvvəlcə 3-cü yer uğrunda görüş keçirilib. Meydana "Ağstafa" və "Qarabağ" komandaları çıxıblar. "Ağstafa" komandası qalib gələrək Azərbaycan çempionatının bürünc medallarına layiq görülüb.
"Polad" və "Sərhədçi" komandaları arasında həlledici görüş isə daha maraqlı mübarizə şəraitində keçib. 4:2 hesabı ilə qələbə qazanan "Sərhədçi" komandası çövkən üzrə Azərbaycan çempionatında birinci yeri tutub. "Sərhədçi" komandasının heyətində Rauf Tahirov, Rəşad Həsənov, Samir Pirimov, Elçin Camallı və Tərlan Qurbanəliyev mübarizə aparıblar.
Qaliblərə, habelə yarışda fəqlənən digər komandalara mükfatları ARAF-ın prezidenti, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyev təqdim edib.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB