Bu gün Bakıda Avropa Ədalətli Oyunlar Hərəkatının və Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin birgə konqresi, Avropa Ədalətli Oyunlar Hərəkatının (AƏOH) 21-ci Baş Assambleyası və Dünya Ədalətli Oyunlarının mükafatlandırma mərasimi başlayıb. SİA-nın məlumatına görə, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, AƏOH-nın prezidenti Kristian Hinterberqer, Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin (BƏOK) rəhbəri Yeno Kamuti, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev və digərləri iştirak edib.
Çıxış edən nazir Azad Rəhimov qonaqları salamlayaraq ilk dəfə birgə keçirilən konqresin ölkəmizə həvalə olunmasına görə təşəkkürünü bildirib. O, bu tədbirin dünya idmanı üçün səmərəli olacağına əminliyini ifadə edib.
Nazir ölkəmizdə idmanın inkişafından danışıb: "Azərbaycan artıq neçə illərdir ki, istər idman uğurları, istərsə də mötəbər beynəlxalq yarışların və tədbirlərin təşkilində dünya idmanında özünəməxsus yerini tutub".
A.Rəhimov ölkəmizdə keçirilən ilk Avropa Oyunları haqqında məlumat verib: "17 yarış günü ərzində Avropanın bütün ölkələrini təmsil edən 6 minə yaxın idmançı 253 medal dəsti uğrunda Bakıda yarışdılar. 50 dövlətdən 42 nümayəndə fəxri kürsüdə yer aldı. 31 ölkəyə qızıl medal aparıldı. Sevinirik ki, qalib və mükafatçılar arasında Avropanın əksər ölkələri yer aldılar".
O, Oyunlar zamanı ədalət prinsiplərinə əməl edilməsinə, bu prinsiplərin qorunmasına xüsusi diqqət yetirildiyini vurğulayıb: "Hər bir yarış meydanında istər idmançıların, istər olimpiya ailəsinə daxil olan digər şəxslərin, eləcə də bu layihəyə qoşulmuş hər bir kəsin ədalətli oyunlar prinsiplərinə əməl etməsi, ümumən, oyunların dostluq və sülh şəraitində keçməsinə kömək etdi. Çünki ədalətli oyunlar olimpizmin əsas təməl prinsipi, onun ideya daşıyıcısıdır".
A.Rəhimov bildirib ki, Azərbaycan Prezidenti, eyni zamanda Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev olimpizm və ədalət dəyərlərinin qorunması, ona riayət olunmasına xüsusi diqqət yetirir.
"Kütləvi informasiya vasitələri, müxtəlif sosial təbəqələr, qruplar, müxtəlif sahələrdə, xüsusən təhsil müəssisələrində də bu istiqamətdə fəaliyyətimizə diqqət ayırırıq. Azərbaycanda fəaliyyət göstərən bütün telekanallar idman proqramlarına xüsusi yer ayırırlar. Bu proqramlarda, yarışların təhlili zamanı ədalətli oyun prinsipləri daim müzakirə edilir və təbliğ olunur", - deyə nazir əlavə edib.
A.Rəhimov tədbir iştirakçılarına səmərəli fəaliyyət və konqresin işinə uğurlar arzulayıb.
AƏOH-nın prezidenti Kristian Hinterberqer və BƏOK-un rəhbəri Yeno Kamuti çıxış edərək konqresin fəaliyyəti barədə danışıblar. Onlar Azərbaycanın idman ölkəsi kimi tanındığını, burada ədalət prinsiplərinin yüksək səviyyədə qorunduğunu qeyd ediblər. Bildiriblər ki, tarixdə ilk dəfə keçirilən Avropa Oyunları ölkəmizdə yüksək səviyyədə təşkil olunub və Oyunlar zamanı ədalət prinsipləri daim diqqətdə saxlanılıb.
Azərbaycanda idmanın inkişafına və ədalətli oyunlar hərəkatını dəstəklədiyinə görə dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev Beynəlxalq Ədalətli Oyunlar Hərəkatının xüsusi medalı ilə mükafatlandırılıb. Mükafat gənclər və idman naziri Azad Rəhimova təqdim olunub.
Azərbaycanda və dünyada Ədalətli Oyunlar Hərəkatından bəhs edən videoçarx nümayiş olunub və müzakirələr başlayıb.
Qeyd edək ki, oktyabrın 8-dən 11-dək keçiriləcək tədbirdə 80-dək idman mütəxəssisi iştirak edir. Konqres iştirakçılarına 28 məruzə təqdim olunacaq. Məruzələrin mövzusu yerli və beynəlxalq mütəxəssislər tərəfindən hazırlanıb.
Tədbirdə Olimpiya və Ədalətli Oyun dəyərlərinin qorunmasında dövlətin və qeyri-hökumət idman təşkilatlarının əməkdaşlığı və məsuliyyəti, korrupsiyaya, saxta və ümidsiz matçlara qarşı mübarizə və idmançının "təmiz" saxlanılmasında ən yaxşı təcrübə, idmanın lazımınca idarə edilməsində strategiya və tənzimləmə mexanizmlərinin inkişafı, idman dəyərləri və etikasının qorunmasında formal və qeyri-formal təhsilin rolu mövzusunda müzakirələr aparılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB