İdmançılarımız mükafatlandırılacaq

İdmançılarımız mükafatlandırılacaq

7-11 oktyabr 2015-ci il tarixində Bakı şəhərində Avropa Ədalətli Oyunlar Hərəkatının (EFPM) və Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin (CİFP) birgə Konqresi, AƏOH-nın 21-ci Baş Assambleyası və Dünya Ədalətli Oyunlar Mükafatlandırma mərasimi keçiriləcək. SİA xəbərinə görə, bununla bağlı mətbuat konfransı keçirilib və jurnalistlərin sualları cavablandırılıb.

Tədbirin məqsədi idmanda və ümumiyyətlə, cəmiyyətdə ümumbəşəri dəyərlərin, etik normaların qorunması istiqamətində maarifləndirici işlərin aparılmasına, idman yarışları zamanı müxtəlif təsirlər altında meydana gələn neqativ hallara qarşı mübarizənin gücləndirilməsi yollarının araşdırılmasına idman mütəxəssislərini və əlaqədar təşkilatları sövq etmək və müsbət nümunələri dəyərləndirərək çatdırmaqdan ibarətdir.

Açılışı komissiyanın sədri Xəzər İsayev edib. O, konfransın keçirilməsi ilə bağlı qısa məlumat verərək sözü EFPM-in prezidenti Xristian Hinterbergerə verib.

Hinterberger ilk öncə qonaqları salamlayıb daha sonra isə keçiriləcək mərasim haqda məlumat verib. O bildirib ki, proqram haqda 11 qısa təqdimat çarxı və qısa bülletenlər hazırlanıb. Onun sözlərinə 2 gün ərzində bu haqda çıxışlar olacaq.

CİFP prezidenti Ceno Komuti çıxış edib. O, Azərbaycanı ilk Avropa Oyunlarını yüksək səviyyədə keçirmək münasibətilə təbrik edib və bildirib ki, idmanın cəmiyyətə olan böyük təsirindən danışıb. Komuti təşkilatçılardan razı qaldığını da bildirib.

Daha sonra komissiyanın təşkilatçılarından olan Salhat Abbasova çıxış edib. O, Azərbaycanda belə bir mərasimin keçirilməsinin əhəmiyyətinə toxunub. Konfransda EFPM-nın nümayəndəsi Nazim Məcidov da çıxış edib.

Konqresin əsas mövzusu "Rəqabətli idmanda ədalətli oyun – real və ya ideal" adlanır.

Konqresin proqramına əsasən, müxtəlif ölkələrdən olan mütəxəssislər öz araşdırmalarının nəticələri barədə məlumat verəcək və mövzular üzrə müzakirələr aparılacaq.

Oktyabrın 7-də səhər saat 09.00-da Şəhidlər xiyabanı və Fəxri xiyaban ziyarət ediləcək. Oktyabrın 8-də saat 09.00-da rəsmi açılış mərasimindən sonra birgə konqres öz işinə başlayacaq və iki gün davam edəcək. Oktyabrın 9-da təntənəli mərasimlə Dünya Ədalətli Oyunlar Komitəsi, Avropa Ədalətli Oyunlar Hərəkatı və Azərbaycan MOK Ədalətli Oyunlar Hərəkatının mükafatları təqdim olunacaq.

Oktyabrın 10-da isə Avropa Ədalətli Oyunlar Hərəkatının 21-ci Baş Assambleyası keçiriləcək. Tədbirdə 40-dək ölkədən və beynəlxalq təşkilatdab 100-dən çox nümayəndə iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə