Teymur Rəcəbov: "Rəqabət çox yüksəkdir" AÇIQLAMA

Teymur Rəcəbov: "Rəqabət çox yüksəkdir" AÇIQLAMA

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Bakıda keçirilən Dünya Kubokunun ilk mərhələsində qələbə qazanıb. Şahmatçımız ABŞ-ı təmsil edən və bu ölkənin tarixində ən gənc qrossmeyster adına (13 yaşında) yiyələnən erməni əsilli Samuel Sevyanı mübarizədən kənarlaşdırıb. SİA-nın məlumatına görə, ilk iki oyunda heç-heçə edən T. Rəcəbov rəqibini tay-brekin hər iki partiyasında məğlub edərək növbəti mərhələyə vəsiqə əldə edib. Qələbədən sonra şahmartçımız təəssüratlarını bildirib: "ABŞ-ın tarixində ən gənc qrossmeysterlə mübarizə apardım. Heç-heçə ilə başa çatan görüşlər çətin alındı. Hərçənd ilk görüşdə yaxşı üstünlüyə malik idim. Rəqib həmin partiyada çətin vəziyyətdən çıxmağı bacardı. Qələbə qazanmaq üçün imkanım böyük idi. İkinci görüşdə isə rəqib heç-heçəyə oynayırdı. Ümumi nəticə bərabər olduğu üçün qalibi tay-brekdə müəyyənləşdirməli olduq. Tay-brekdə lazımi nəticəni qazandım. Dünya Kuboku üçün tay-brek normal haldır. Bəzi görüşlərdə duelin taleyi məhz tay-brekdə həll olunur".

T. Rəcəbov eyni zamanda Bakıda keçirilən Dünya Kubokunun iştirakçılar baxımından ən güclü olduğunu bildirib: "Dünya Kubokunda zəif rəqib yoxdur. Bütün şahmatçılar paytaxtımıza uğur qazanmaq üçün gəlib. Rəqabət çox yüksəkdir. Bakıdakı yarış Dünya Kuboku tarixində ən güclüdür. Hər bir şahmatçımız mümkün qədər yaxşı çıxış etməyə çalışır. Məqsədim hər mərhələni keçməkdir".

Bütün xəbərlər Facebook səhifəmizdə