I Avropa Oyunlarına ictimaiyyət tərəfindən böyük maraq var FOTOREPORTAJ

I Avropa Oyunlarına ictimaiyyət tərəfindən böyük maraq var FOTOREPORTAJ

Məlum olduğu kimi, aprelin 3-dən Bakı 2015 I Avropa Oyunlarının biletləri satışa çıxarılıb. Martın 20-dən isə onlayn satışa başlanılıb. Oyunlara olan marağı müəyyənləşdirmək məqsədilə biletlərin satış mərkəzlərindən birində olduq. Satış mərkəzində ictimaiyyətin Oyunlara böyük marağının şahidi olduq. I Avropa Oyunlarına cəmiyyətin bütün yaş qruplarından olan insanların bilet aldığını müəyyənləşdirmək üçün bir qədər müşahidə aparmaq yetər.

Öncə bir neçə gün müddətində bilet satışındakı vəziyyəti müəyyənləşdirmək üçün Bakı 2015 I Avropa Oyunları Əməliyyat Komitəsinin bilet satışı üzrə layihə meneceri Zaur Məmmədovla söhbət etdik. O qeyd etdi ki, artıq online və kassalar vasitəsi ilə satışda uğurlu nəticələr əldə olunub: "Online satışa böyük maraq var və nailiyyətlər əldə edilib. Kassalar vasitəsi ilə son 3 gün ərzində böyük sayda bilet satışı həyata keçirilib. Satış məntəqələri şəhərin bütün hissələrində var və qiymətlər əlçatandır. Buna görə insanlar öz evinin yaxınlığında yerləşən satış mərkəzlərindən biletləri əldə edə bilirlər.

Həm xarici, həm də yerli vətəndaşlar online satış vasitəsi ilə də biletlər əldə edə bilərlər. Ölkə başçısının sərəncamı ilə sadələşdirilmiş viza prosedurları təsdiqlənib. Xarici vətəndaşlar Bakı 2015 I Avropa Oyunlarına bilet aldığı zaman Azərbaycan Respublikasına daxil olarkən yerində viza ilə təmin ediləcək. Bunun üçün elektron formada bilet almalı və alışın təsdiqini hava limanında təqdim etməlidirlər. Bundan sonra hava limanında onlara viza veriləcək. Bunun üçün növbədə dayanmaq və ya səfirliklərə müraciət etməyə ehtiyac yoxdur.

Satışdan öncə azarkeşlərin qeydiyyatdan keçib, maraqlarını bildirməsi üçün səhifə mövcud idi. Onların maraqlarına uyğun satış planlaşdırması aparılıb. Satış başladığı müddətdən də müxtəlif araşdırmalar aparırıq. Açılış və bağlanış mərasimləri ilə yanaşı, bir çox idman növlərinə də böyük maraqlar hiss olunur. Ən öndə gedən idman növləri üzgüçülük, voleybol və güləşdir".

Özəl şirkətdə çalışan Vüsal Hüseynov ölkəmizdə I Avropa Oyunlarının keçirilməsinin böyük bir hadisə olduğunu, buna görə çox sevindiyini qeyd etdi: "Öncədən I Avropa Oyunları haqda məlumatlar almışdım. Bilet satış mərkəzində də ətraflı məlumat verildi. Oyunların açılış mərasiminə VİP sektora həm özüm, həm də tanışım olan Polşa vətəndaşı üçün bilet almışam".

Aysel Vəliyeva isə tarixdə ilk dəfə olaraq bu möhətəşəm Oyunların Azərbaycanda keçiriləcəyi xəbərini eşidəndən burada iştirak etmək arzusunda olduğunu bildirdi: "Belə böyük bir yarışda həm özüm, həm də yaxınlarımın iştirak etməsini çox istəyirdim. Bu gün açılış mərasiminə 3 bilet almışam. Daha sonra üzgüçülük, badminton və digər yarışlara da bilet alacağam".

Azərbaycan Dövlət Neft Akademiyasının magistri Dinarə Əhmədova isə Bakı 2015 Avropa Oyunları haqda məlumatlı olduğunu və ilk dəfə keçiriləcək Oyunlarda iştirak etmək istədiyini dedi: "Oyunlara bilet almaq üçün bilet satış mərkəzinə müraciət etdim və orada da mənə ətraflı məlumat verdilər. Bir gənc olaraq Bakı 2015 Avropa Oyunlarında aktiv şəkildə iştirak etmək istəyirəm. Əsasən boks, karate kimi döyüş növləri və üzgüçülüklə maraqlanıram".

Avropa və dünya çempionatlarının mükafatçısı, Afina və Pekin Yay Olimpiya Oyunlarının iştirakçısı Rəşad Əhmədov belə möhtəşəm Oyunların ölkəmizdə təşkil olunacağına görə fərəh hissi keçirdiyini bildirdi: "İlk dəfə keçiriləcək I Avropa Oyunlarının Azərbaycanda təşkil olunması ölkəmizin dünyada nüfuzundan xəbər verir. İdmançı kimi deyə bilərəm ki, bir zamanlar xarici ölkələrdə yarışlarda iştirak edəndə təəssüflər olsun ki, ölkəmizi tanımırdılar. Soruşurdular ki, Azərbaycan haradır? Bu gün isə bütün dünya Azərbaycanı tanıyır və Avropa bu Oyunlara görə ölkəmizə gələcək. Bir Azərbaycan gənci kimi çox sevinirəm. Azərbaycanın belə bir möhtəşəm tədbirə ev sahibliyi etdiyi üçün cənab Prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk.

Taekvondo, boks, güləş və digər növlərdə keçiriləcək yarışlarda iştirak edəcəyəm. Azərbaycan idmançılarının iştirak etdiyi bütün idman növlərində keçirilən yarışlara baxmaq istəyirəm".

2-ci qrup əlil Nəzakət Simirova Oyunlara biletləri pulsuz əldə etdiyini qeyd etdi: "Mən 2-ci qrup əliləm. Əlillik haqda vəsiqəmi təqdim etdim və pulsuz olaraq 3 bilet aldım - voleybol, çimərlik voleybolu və çimərlik futboluna. Bizi düşündüklərinə görə, Təşkilat Komitəsinə təşəkkürümü bildirirəm".

Qeyd edək ki, əsas bilet satış məntəqələri "Park Bulvar", "28 Mall" və "Metropark" Ticarət Mərkəzlərindədir. Bundan başqa, Heydər Əliyev adına Sarayın kassaları, "Azərbaycan" kinoteatrı, Nizami küçəsi və Azadlıq meydanındakı köşklər, Yasamal rayonunda yerləşən ASAN Xidmət, Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarında da biletlərin satışı həyata keçirilir. Yaxın günlərdə Neftçilər və Əhmədli metrostansiyasının yanında və fəvvarələr meydanında yerləşən "McDonalds" restoranlarında da bilet satışı təşkil olunacaq. Açılış mərasiminə biletlərin qiyməti 20 manatdan 200 manatadək, bağlanış mərasiminə isə 10 manatdan 100 manatadəkdir. Seçmə mərhələdə Oyunlara biletlərin qiymətləri 2-3 manat, final mərhələlərinə 3-5 manatdır. Sessiya dövründə 2 yaşından 16 yaşınadək uşaqlar üçün biletlər pulsuz, açılış və bağlanış mərasimlərinə tam qiymətə, Heydər Əliyev adına İdman Arenası və Milli Gimnastika Arenasına isə 1 manatadır. Uşaqların valideynləri yanlarında olmalıdır. Fiziki qüsurlu şəxslər üçün biletlər sessiya dövründə, eləcə də Heydər Əliyev adına İdman Arenası və Milli Gimnastika Arenasına pulsuz, açılış və bağlanış mərasimlərinə isə tam qiymətədir.

Bütün xəbərlər Facebook səhifəmizdə