Miryam Boqatay: "Bakı 2015"in biletlərində qoruma elementləri var" AÇIQLAMA

Miryam Boqatay: "Bakı 2015"in biletlərində qoruma elementləri var" AÇIQLAMA

"Bu gündən Bakı 2015 I Avropa Oyunlarının ümumilikdə 12 bilet satış məntəqəsindən 8-i fəaliyyətə başlayıb. Əsas bilet satışı məntəqələri "Park Bulvar", "28 Mall" və "Metropark" Ticarət Mərkəzlərindədir". SİA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin bilet satışı şöbəsinin müdiri Miryam Boqatay deyib. O, əlavə olaraq biletlərin 5 yerli şirkət vasitəsilə də satışa çıxarılacağını qeyd edib. Şöbə müdiri vurğulayıb ki, martın 20-dən isə onlayn satışa başlanılıb. Onun sözlərinə görə, Oyunlar zamanı yarışların keçiriləcəyi bütün idman obyektlərinin kassaları vasitəsi ilə də biletlər satılacaq: "600 min bilet satışa çıxarılacaq. Bakı 2015 I Avropa Oyunlarının biletlərində bir neçə qoruma elementləri var. Bundan əlavə, Azərbaycan Milli Olimpiya Komitəsi qanunvericilikdə qanunsuz bilet satışı ilə bağlı cəzaların sərtləşdirilməsi təklifini verib. Bununla bağlı yaxın gələcəkdə qanun qəbul ediləcək. Qanunda ciddi adminstrativ cərimələr nəzərdə tutulur. Bu cərimələr çox yüksək olacaq. Mən insanları biletləri yalnız rəsmi satış məntəqələrindən almağa çağırıram. Əlavə məlumat almaq üçün 2015 telefon nömrəsinə zəng vura və www.Baku2015.com saytına daxil ola bilərsiniz".

Qeyd edək ki, Bakı 2015 I Avropa Oyunlarının açılış mərasiminə biletlərin qiyməti 20 manatdan 200 manatadək, bağlanış mərasiminə isə 10 manatdan 100 manatadəkdir. Seçmə mərhələdə Oyunlara biletlərin qiymətləri 2-3 manat, final mərhələlərinə 3-5 manatdır. Sessiya dövründə 2 yaşından 16 yaşınadək uşaqlar üçün biletlər pulsuz, açılış və bağlanış mərasimlərinə tam qiymətə, Heydər Əliyev adına İdman Arenası və Milli Gimnastika Arenasına isə 1 manata olacaq. Uşaqların valideynləri yanlarında olmalıdır. Fiziki qüsurlu şəxslər üçün biletlər sessiya dövründə, eləcə də Heydər Əliyev adına İdman Arenası və Milli Gimnastika Arenasına pulsuz, açılış və bağlanış mərasimlərinə isə tam qiymətə olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə