Rəşad Sadıqov: "İlk oyuna son oyun kimi çıxacağıq"

Rəşad Sadıqov: "İlk oyuna son oyun kimi çıxacağıq"

"Bolqarıstanla oyun bizim üçün çox vacibdir". SİA-nın məlumatına görə, bu sözləri Azərbayan milli komandasının kapitanı Rəşad Sadıqov bu gün keçirilən mətbuat konfransında deyib. O, Avro-2016-nın seçmə mərhələsində Bolqarıstanın milli komandamızın əsas rəqiblərindən biri olduğunu qeyd edib: "Yeni seçmə mərhələyə başlayırıq. Qələbə qazanmaq üçün bütün gücümüzlə mübarizə aparacağıq. Zədəni bəhanə gətirmək istəmirəm. Ola bilər ki, zəif oynayım".

Futbolçu "Milli komandada Bədavi Hüseynov, yoxsa Rasim Ramaldanovla oynamaq daha asandır?" - sualına belə cavab verib: "Bədavi ilə millinin heyətində oynamamışam. Həm də mənim hansısa futbolçu haqqında qərar verməyim düzgün deyil. Baş məşqçi kimi uyğun görsə, onunla oynayacağam".

R. Sadıqov son seçmə mərhələ oyunlarında yaxşı nəticə qazandıqlarını, bununla bağlı azarkeşlərin komandamızın yenə də yaxşı nəticələrə imza atacaqlarına inandığını qeyd edib: "Ancaq keçmiş statistika heç nəyi dəyişə bilməz. Yaxşı nəticə üçün yaxşı oynamalısan. Biz Bolqarıstanla oyunda bütün gücümüzü qoyacağıq ki, yaxşı nəticə qazanaq. Düzdür, Bolqarıstan yığmasının yaxşı heyəti var, bizdən güclüdür. Ancaq ilk oyuna son oyun kimi çıxacağıq. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik".

Futbolçu azarkeşlərə də səslənib: "Azarkeşlərin hər şüarı bizə təsir edir. Onlara sözüm odur ki, bizi sona qədər dəstəkləsinlər. Məğlub olsaq da, heç-heçə etsək də, qələbə qazansaq da hər zaman yanımızda olsunlar. Qeyd edim ki, son illər azarkeşlərimiz həm klublarımızı, həm də millimizi çox gözəl dəstəkləyirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə