Bolqarıstanın Sofiya şəhərində güləş üzrə 52-ci "Dan Kolov - Nikola Petrov" beynəlxalq turniri başa çatıb. Siasport.az saytının məlumatına görə, turnirdə iştirak edən sərbəst güləş üzrə yığma komandamızın üzvləri yarışı 5 qızıl və 2 bürünc medalla tamamlayıblar.
Turnirin ilk günündə mübarizəyə qoşulan Hacı Əliyev (61 kq) bütün rəqiblərindən üstün olub və qızıl medala sahib olub. Güləşçimiz Əlcəzair, Ermənistan, Bolqarıstan və Türkiyə güləşçilərini mübarizədən kənarlaşdırıb.
74 kq-da mübarizə aparan Cəbrayıl Həsənov isə bürünc medal qazanıb.
Turnirin ikinci günündə 3 pəhləvanımız mübarizəyə qoşulub.
86 kq-da Həmzət Osmanov və 125 kq-da Cəmaləddin Məhəmmədov bütün rəqiblərindən üstün olub, yığmamıza qızıl medal qazandırıblar. Həmzət Osmanov ardıcıl olaraq Əlcəzair, Polşa (iki güləşçisini) və finalda Türkiyə güləşçisi üzərində qələbə əldə edib. Cəmaləddin Məhəmmədov isə, Bolqarıstan (iki güləşçisini), ardınca Ermənistan, finalda isə Ukrayna təmsilçisinin kürəyini yerə vurub.
57 kq-da mübarizə aparan Ruslan Surxayev bürünc medala sahib olub. Həlledici görüşdə güləşçimiz yaponiyalı rəqibindən üstün olub.
Turnirin son günündə 65, 70 və 97 kq çəki dərəcələridə pəhləvanlar qüvvəsini sınayıb. Ruslan Dibirhacıyev (70 kq) və Olimpiya çempionumuz Şərif Şərifov (97 kq) xalça üzərinə çıxıb. Hər iki idmançımız inamla güləşərək finala vəsiqə qazanıb. Final görüşlərini də qələbə ilə tamamlayan Ruslan və Şərif turnirin qızıl medalını qazanıb.
Olimpiya və dünya çempionu Şərif Şərifov sərbəst güləş yarışlarında turnirin ən texnikalı güləşçisi nominasiyasında kubokla mükafatlandırılıb.
Xatırladaq ki, yığma komandanın baş məşqçisi Semyon Çterev, böyük məşqçi Firdovsi Umudov və məşqçi David Kurtsiyanın rəhbərliyi altında turnirdə 8 güləşçimiz mübarizə aparıb.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Əbdül Nuriyev təmsil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB