Yozef Blatter: "Azərbaycan qeyri-adi ölkədir"

2018-ci ildə futbol üzrə dünya çempionatına ev sahibliyi etmək şərəfinə layiq görüləcək şəhərlərin və stadionların adlarını elan etmək məqsədilə Moskvada səfərdə olan FİFA-nın prezidenti Yozef Blatter İTAR-TASS agentliyi baş direktorunun birinci müavini və şef-redaktor Mixail Qusmana məxsusi müsahibə verib. Siasport.az saytı müsahibədə Azərbaycan futbolu ilə bağlı vurğulanmış məqamları diqqətinizə çatdırır: "Düz bir həftə bundan əvvəl Azərbaycandan gəlmişəm. Biz orada 17 yaşa qədər qızlar arasında dünya kuboku keçirirdik. Bu, yeni mədəni mühitdə yarışlar keçirilməsi ideyasının reallaşdırılmasına gözəl nümunədir. Orada milli stadionun qarşısında bir abidə ucaldılıb. Bu, futbol hakiminin şərəfinə ucaldılmış yeganə abidədir. Həmin hakim Tofiq Bəhramovdur.

Sizin Azərbaycan barədə söhbət açmağınız lap ürəyimdən oldu. Çünki Azərbaycan qeyri-adi ölkədir. Biz ilk dəfə olaraq müsəlman ölkəsində qadınlar arasında çempionat keçirdik. Azərbaycan müsəlman ölkəsidir. Onlar qadınlar arasında çempionatı öz ölkəsində təşkil etdilər. Bu, bütün dünyaya, bütün başqa mədəniyyətlərə ciddi siqnaldır – qızlar və qadınlar bu oyunu oynaya bilərlər. Lakin bəzi müsəlman ölkələrində qadınlar başqa ölkələrdəki qadınların malik olduğu hüquqların heç də hamısından istifadə etmək imkanına malik deyildirlər. Ona görə də bu hadisə çox önəmlidir. Mən Azərbaycan Prezidenti cənab İlham Əliyevlə söhbət etdim və çempionatın yaxşı təşkil olunması münasibətilə onu təbrik etdim. Bu hadisə bütün dünyada qadın futbolunun inkişafı üçün çox böyük əhəmiyyət kəsb edəcək, bütün dünyada qadınların hüquqları ilə bağlı vəziyyətin daha da yaxşılaşmasına müsbət təsir göstərəcəkdir".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...