Ekstremal idmançı 22 kilometr yüksəklikdən tullanıb

Ekstremal idmançı 22 kilometr yüksəklikdən tullanıb

Avstriyalı ekstremal idmançı Feliks Baumqarner bu ilin yayına planlaşdırdığı "Stratos" missiyası ilə bağlı növbəti hazırlıq mərhələsini uğurla başa vurmuşdur.

Yerdə bütün məşqləri və uçuş kapsulunun nümayişini başa vurduqdan sonra F.Baumqartner martın 15-də ABŞ-ın Nyu-Meksiko ştatında fəzadan ilk uçuşunu həyata keçirib. Helim doldurulmuş hava şarına bərkidilmiş kapsul ilə 21 818 metr yüksəyə qalxan ekstremal idmançı Yer atmosferinin stratosfer qatında uçuş aparatından tullanıb. 3 dəqiqə 33 saniyə fəzada sərbəst uçuş həyata keçirən F.Baumqartner saatda 587 km sürətlə yerə doğru hərəkətdə olub, yerə 1,5 km məsafədə paraşütü açaraq, sağ-salamat Rosvell məntəqəsi yaxınlığında eniş edib.

SİA Azərtac dövlət agentliyinə istinadən xəbər verir ki, 42 yaşlı zaltsburqlu idmançı və onun komandası üç ildən artıqdır ki, "Stratos" adlanan missiyanı reallaşdırmaq üçün gərgin işləyir, müxtəlif sınaqlar həyata keçirirlər. Plana əsasən, F. Baumqartner avqust ayında eyni prosesi 36 min metr yüksəklikdən tullanmaqla icra etməli və bununla da dörd rekorda imza atmalıdır: insanın hava şarı ilə indiyədək ən hündür nöqtəyə qalxması (təxminən 36 min metr yüksəkliyə), insanın ən yüksəkdən tullanışı, heç bir uçuş aparatının köməyi olmadan insanın səsdən sürətli (saatda 1100 km-dək) hərəkəti, heç bir texniki vasitədən istifadə etmədən insanın sərbəst uçuşu (4 dəqiqə 36 saniyə).

Mətbuatda daha çox "dünyanın kənarından tullanış" adını almış missiya zamanı F.Baumqartner ABŞ-ın NASA agentliyi tərəfindən hazırlanmış xüsusi skafandr və uçuş kapsulundan istifadə edəcəkdir.

Missiyanın elmə xidmət etdiyini bildirən F.Baumqartner insan orqanizminin bir neçə dəqiqə ərzində -75 dərəcədən +20 dərəcəyədək dəyişən bir mühitə necə reaksiya verməsi, yüksək təzyiqin qan dövranına göstərdiyi təsirlə bağlı tibb üçün yeni biliklərin əldə olunacağını qeyd edib.

İndiyədək cəmi iki nəfər stratosferdən yerə tullanışı həyata keçirib. Amerikalı pilot Co Kittinqer 1960-cı ildə 31 332 metr yüksəklikdən, SSRİ paraşütçüsü Yevqeni Andreyev isə 1962-ci ildə 25 458 metr yüksəklikdən tullanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə