Amit Quluzadə: "Ərciyəsspor"un heyətində Superliqaya vəsiqə qazanmaq istəyirəm" - MÜSAHİBƏ
Amit Quluzadənin Premyerliqa.az saytına müsahibə verib. Siasport.az idman portalı müsahibənin maraqlı olduğunu nəzərə alıb oxucularının diqqətinə çatdırır.
- "Ərciyəsspor"dakı işlər necə gedir?
- Hər şey normaldır. Fasilə olduğuna görə Bakıya gəldim. İnşallah sabah Türkiyəyə qayıdıram. Yanvar ayının 1-dən 12-nə kimi Antalyada təlim-məşq toplaşında olacağıq. Yanvarın 15-də çempionat oyununda "Tavşanlı Linyitspor"la qarşılacağıq.
- Bank Asiya birinci liqasına öyrəşə bilmisən?
- Elə olur ki, həftədə üç oyun oynayırıq. Düzünü desəm, ilk iki-üç həftə mənim üçün ağır idi. Ancaq sonradan öyrəşməyə başladım. Bank Asya liqa oyunlarında 60-cı dəqiqəyə kimi hesab açılmayıbsa, qarşıdakı 30 dəqiqə komandalar hücumda keçirirlər. Yəni müdafiə haqda düşünmək ikinci plana keçir. Ona görə də, son yarım saatda mənim işim daha da ağırlaşır. Çünki həm hücuma, həm də müdafiəyə kömək edirəm.
- İlk turlarda əsas heyətdə stabil oynasan da, sonradan ilk "onbirlik"də az-az görünməyin nə ilə bağlı idi?
- Baş məşqçi məni ehtiyatda saxladığı oyunlarda da məndən narazı qalmadığını bildirirdi. Deyirdi ki, bu cür davam etsən gələcəkdə böyük klublarda oynayacaqsan. İlk dəfə "Girəsunspor"la oyunda ehtiyatda qaldım. Baş məşqçi yaxınlaşdı dedi ki, səndən razıyam. Sadəcə bu gün oyunun taktikasını belə qurmuşam. Sonradan meydana daxil oldum və yaxşı da oynadım. Ancaq nə oldusa, millinin toplanışından sonra oldu. Millinin Almaniyadakı təlim-məşq toplanışdaydım və mənə zəng etdilər ki, qarşıda tura özünü çatdırmalısan. Mən də dedim ki, millinin düşərgəsindəyəm gələ bilmərəm. Belədə Türkiyəyə yollana bilmədim. Ancaq bilirdim ki, həmin turda "Ərciyəsspor" məğlub olsa, məşqçinin mənə münasibəti dəyişəcək.
- Keçmiş baş məşqçi Fikrət Yılmaz "ulduz xəstəliyi"nə tutulduğunu deyirdi...
- Mənim haqqımda onun bu cür danışmağı məni şoka saldı. Heç vaxt xasiyyətimi dəyişmərəm və "ulduz xəstəliyi"nə tutulmaram. Ümumiyyətlə mənim aləmimdə bu cür şey yoxdur. İnsandır, ola bilər ki, elə fikirləşib. Nəyə görə belə dediyini ondan soruşacaqdım. Ancaq artıq gec oldu.
- Baş məşqçi dəyişkiliyini necə qarşıladın?
- Son vaxtlar komandada eniş hiss olunurdu. Rəhbərlik bu cür qərar verib. Mən bir söz deyə bilmərəm.
- Yeni gələn məşqçi ilə tanışlığın varmı?
- Düzü onu tanımıram. Sadəcə "Fənərbaxça"da oynadığını və ötən mövsüm "Ərciyesspor"da köməkçi məşqçi kimi çalışdığı barədə məlumatım var.
- Türkiyədə Azərbaycan futbolu barədə müsbət fikir yarada bilmisən?
- Hər oyundan sonra azarkeşlər mənimlə maraqlanırlar. Yəni mənə qarşı simpatiyaları var. Yəqin ki, müsbət iş görmüşəmki mənimlə maraqlanırlar.
- Azərbaycanda yüksək liqada oynamısan. İndi isə Türkiyə Bank Asya liqasında çıxış edirsən. Bu çempionatlar arasında hansı fərqləri görürsən?
- Ən əsası meydançaların fərqidir. Türkiyədə demək olar ki, bütün klubların bazaları və böyük azarkeş qrupu var. Bank Asya liqası fiziki gücə dayanılıdır. "Neftçi", "Xəzər Lənkəran", "İnter", "Qəbələ", "Qarabağ" klubları Bank Asya liqasında rahat oynayarlar. Hətta bu klublar arasında bir-ikisi Türkiyə Superliqasında oynaya biləcək gücdədir. Düzdür, Azərbaycan futbolunda çatışmazlıqlar həddən artıq çoxdur. Amma Azərbaycan çempionatı heç də deyildiyi kimi aşağı səviyyədə deyil. Kənardan Azərbaycan çempionatı çox yaxşı görünür. "İnter"- "Neftçi" oyununu komanda yoldaşırımla birlikdə izləyirdim. Oyun da yaxşı keçdi. Komanda yoldaşlarım dedilər ki, Azərbaycan çempionatında bu cür baxımlı oyunların olduğunu bilməzdik. Ancaq mənim üzüldüyüm bir məqam var. Artıq neçənci dəfədir ki, klublar oyunu yarımçıq tərk edirlər. Həqiqətən də bu kənardan çox pis görünür və məni üzür. Bu cür hərəkətlər peşəkarlığa sığmır. Futbolumuzun inkişaf etdiyi bir dövrdə bu cür hərəkətlər bizə yaraşmır.
- Klub rəhbərliyi səndən hansısa azərbaycanlı futboçu barədə maraqlanıb?
- Bəli, olub. Onlar birini soruşublarsa, mən 4-5 futbolçunun adını demişəm.
- Çempionatın ilk turlarında rəqiblərinizi "Kadir Has" stadionunda qəbul edirdiniz. Amma sonradan hansı səbəbə həmin stadiondan ayrıldınız?
- "Kayserispor"la müqayisədə daha yaxşı çıxış edirdik. "Kayserispor" və "Ərciyəsspor" rəhbərliyi arasında münasibət pozulduğundan onlar bizə "Kadir Has"da oynamağa icazə vermədi.
- Türkiyədə sıxılmırsan ki?
- Hərdən-bir sıxılıram. Ətrafımda bir-iki azərbaycanlı futbolçumuz olsaydı, sıxılmazdım. Ancaq neyləmək olar ki, legionerliyin də bu xüsusiyyətli yaxşıdır. Türkiyədə ajiotaj böyükdür. Şəhər futbolla yaşayır. Hara gedirsən, futboldur. İnsan bundan da bir az sıxılır.
- "Ərciyyəspor"a keçidinə peşman deyilsənki?
- Xeyr. Futbola başladığım ilk andan etibarən xaricdə oynamağı arzulamışam. Buna da nail olduğuma görə, xoşbəxtəm. Mənə bu imkanı yaratdıqlarına görə "Neftçi" və klubun rəhbəri Sadıq Sadıqova təşəkkürlərimi bildirirəm. Bu yerə gəlib çıxmağımda Bəhmən Həsənov, Yaşar Vahabzadə və İslam Kərimovun da danılmaz xidmətləri var. Onlara da minnətdarlıq edirəm.
- "Transfer pəncərəsi" dövründə komandanı dəyişmək fikrin var?
- "Ərciyəsspor"da artıq altı ay geridə qalıb. İndi qarşıdakı altı ayı yüksək səviyyədə oynayıb, əla formada olmaq istəyirəm. Gedib hardasa ehtiyatda oturmaqdansa, elə burada oynayıram. Fikirlər və ümidlərim böyükdür. İnşallah hər şey yaxşı olar.
- "Ərciyəsspor"a keçərkən "dörd böyüklər"in də səninlə maraqlandığı bildirilirdi. Həmin məsələ nə yerdə qalıb?
- Düzdür, "dörd böyük"lər mənimlə maraqlanırdı. Onlardan biri konkret məni izləmək üçün oyunumuza da gəlmişdi. "Karşıyaka" ilə oyuna gedirdik, prezident mənə yaxınlaşaraq dedi ki, sabah həmin klubun rəsmiləri səni izləməyə gələcəklər. Gəlib oyunumu izləyiblər. Yekun qərarı vermək üçün çox güman ki, mövsümün başa çatmasını gözləyirlər.
- Sənin ardınca Araz Abdullayev də legioner həyatı yaşamağa üstünlük verdi. Onun "Panionis"ə keçidinə münasibətin necədir?
- Başqa ölkədə oynamağa xarakter lazımdır. Araz da buna tab gətirər. "Panionis" karyerasının uğurlu alınacağına inanıram. Ümumiyyətlə millimizdə nə qədər çox legioner çıxış etsə, bir o qədər yaxşıdır.
- "Neftçi"nin oyunlarını izləyirsən?
- Bəli. Ən pis halda oyundan sonra fraqmentlərə baxıram. "Neftçi" ötən mövsümlə müqayisədə bu mövsüm daha çox hücumameyilli futbol oynayır. Çempion olduğumuz ildə, heç bu qədər hücum etmirdik.
- Milli komandaya cəlb olunmağına baxmayaraq, Arif Əsədovun dönəmində "Neftçi"də oynamaq şansı tapmırdın. Səncə, hansı səbəbə görə Əsədov sənə şans vermirdi?
- Berti Foqts elə-belə futbolçunu milliyə cəlb etməzdi. Vaqif Sadıqovun vaxtında "Neftçi"nin heyətində kubok görüşündə "Neftçi"İSM-ə qarşı oynadım və həmin görüşdə oyunumu bəyənən Berti Foqts məni dərhal milliyə cəlb etdi. Milliyə dəvət oluna-oluna klubumda oynamırdım. Arif Əsədovun mənə "Neftçi"də şans verməməsinin səbəbini anlaya bilmirdim.
- Yola saldığımız tsikldə Türkiyə ilə səfər matçına cəlb olunmadığın üçün məyus olmuşdun...
- Həmin oyunda iştirak etməyi çox istəyirdim. Hətta "Ərciyəsspor"dakı komanda yoldaşlarım zəng edib, oynayıb-oynamayacağımı soruşurdular. Amma millidən mənə dəvət gəlmədi. Ona görə çox pis olmuşdum. Millimizin qrupdan çıxmaq iddiası yox idi. Formal xarakter daşıyan bir oyunda heç olmasa yarım saat oynamaq olardı.
- Millinin qarşıdakı tsikldəki şansları necə dəyərləndirirsən?
- Portuqaliyanı çıxmaq şərtilə digər rəqiblərin hamısından xal qoparmaq olar. İnşallah qismət olsa, mən də milliyə kömək edərəm.
- Sonda nə demək istəyərdin...
- Bank Asya liqasında qarşıda 18 oyun qalıb. Ən azından 15-16 oyun oynamaq istəyirəm. "Ərciyəsspor"un heyətində çempion olub, Türkiyə Superliqasına vəsiqə qazanmağı çox istəyirəm. Ən əsas məqsədim böyük "beşlik" ölkələrində oynamaqdır.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB