Samir Zərgərov: "Xəzər Lənləran"ın çempionatda ilk məğlubiyyət acısını bizimlə keçirəcəkləri görüşdə yaşayacağına ümid edirəm"-MÜSAHİBƏ

Samir Zərgərov: "Xəzər Lənləran"ın çempionatda ilk məğlubiyyət acısını bizimlə keçirəcəkləri görüşdə yaşayacağına ümid edirəm"-MÜSAHİBƏ

"İnter"in yarımmüdafiəçisi Samir Zərgərov klubun rəsmi saytına müsahibə verib. Siasport.az saytı futbolçunun müsahibəsini nəzərinizə çatdırır:

-Ötən turda komandamız "Кəpəz"lə görüşdü. Keçirilən oyun barədə sənin fikirini öyrənmək istərdik...

-"Kəpəz"lə oyun çox maraqlı oldu. Hər iki komanda kifayət qədər qol şansı əldə etdi, lakin bu vəziyyətləri dəyərləndirə bilmədi. Biz fərqlənmək üçün daha çox fürsət yaratdıq, amma şansızlıq hesabı açmaqa imkan vermədi.

-"İnter"dən əvvəl sən məhz "Gəncə" klubunun şərəfini qoruyurdun. Keçmiş komandaya qarşı oynamaq sənin üçün necə alındı?

-Bu, mənim üçün adi oyun idi. Hər görüşdə olduğu kimi, qələbə qazanmaq istəyirdim, təəssüf ki, alınmadı.

-Qarşıda komandanı "Xəzər-Lənkəran"la çətin oyun gözləyir. Baş tutacaq bu görüş haqqında nə deyə bilərdin?

-İndidən deyə bilərəm ki, oyun çox maraqlı olacaq. Hansısa proqnozları vermək istəmirəm. Bütün sualların cavabını keçiriləcək oyun verəcək.

-Sənin fikirincə, "İnter" nəyin hesabına "Xəzər-Lənkəran"ı üstələyə bilər?

-"İnter" komandasının potensialı hər rəqibi üstələməyə imkan verir. Fikirimcə, onları taktiki hazırlıqda da üstələyə bilərik.

-Rəqibin birinci yerdə getməyi "İnter"i qorxutmur ki?

-Yox, bu bizi qorxutmur. Çempionatın indiki mərhələsində İstənilən komanda birinci yerdə gedə bilər. Meydana çıxanda bizi rəgibin turnir cədvəlindəki yeri maraqlandırmır. Əsas məqsədimiz qələbə qazanmaqdır.

-Bu mövsüm "Xəzər-Lənkəran"ın oyunlarını izləmisən? Bu komanda haqqında hansı fikirdəsən?

-Bir neçə oyunlarını izləmişəm. Deyə bilərəm, ki onlar pis təsir bağışlamırlar. Bilirəm ki, bu klub hələ də çempionatda məğlub olmayıb, amma ilk məğlubiyyət acısını bizimlə keçirəcəkləri görüşdə yaşayacaqlarına ümid edirəm.

-"İnter"in heyətində sən artıq üç görüşdə meydana çıxmısan. Hətta debüt oyunda fərqlənməyi da bacarmısan. Keçirilən görüşlərdə öz oyunundan razı qaldın?

-Sevindirici haldır ki, elə "Sumqayıt Şəhər" klubuna qarşı keçirilən debüt oyunumda qol vurdum və komandamız qələbə qazandı. Qeyd etmək istərdim ki, mən təzəlikcə zədədən sağalmışam və hələ də optimal formada deyiləm. Ümid edirəm ki, gələcəkdə daha yaxşı oyun göstərib komandama daha böyük fayda verə biləcəyəm.


Bütün xəbərlər Facebook səhifəmizdə