Azərbaycan idmanında tarixi hadisə

Azərbaycan idmanında tarixi hadisə

Bu gün müstəqil Azərbaycan idmanında tarixi hadisə baş verib. Siasport.az saytı xəbər verir ki, ölkəmiz avarçəkmənin kanoe növündə böyüklər arasında olimpiadaya lisenziya qazanıb. Sergey Bezuqlıy – Maksim Prokopenko dueti Macarıstanın Seqed şəhərində keçirilən dünya çempionatında 1000 metr məsafəyə yürüşdə gümüş medala sahib çıxaraq, 2012-ci il London Yay Olimpiya Oyunlarına vəsiqəyə sahib çıxıb. Onlar ötən gün 500 metrdə də gümüş medal əldə etsələr də, bu günkü uğur ikiqat əhəmiyyətlidir.

2 nəfərlik qayıqla 1000 metr məsafəyə final yürüşündə Bezuqlıy – Prokopenko dueti finişə 2 dəqiqə 43,525 saniyəyə çatıb. Bu nəticə ilə onlar yalnız almaniyalı Ştefan Holts – Tomaş Vılenjek duetindən 0,822 saniyə geri qalıblar. Əvəzində kanoeçi cütlüyümüz 500 metr məsafəyə yürüşün finalında geri qaldıqları rumıniyalı Alexandru Dumitresku – Viktor Mixalaki duetini 0,312 saniyə üstələməyi bacarıb.

London olimpiadasına sonrakı 4 yeri tutan çexiyalı Yaroslav Radon – Filip Dvoryak (2:44.593), rusiyalı Aleksey Korovaşkov – İlya Pervuxin (2:45.865), belaruslu Andrey Baqdanoviç – Aleksandr Baqdanoviç (2:46.855) və kubalı Karel Agilar Çakon – Sergey Torres Madriqal (2:48.547) duetləri də lisenziya qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə