“Qəbələ”dən “qol yağışı”

“Qəbələ”dən “qol yağışı”

"Qəbələ"nin 13 yaşadək futbolçulardan ibarət komandası Ukraynanın paytaxtı Kiyevdə beynəlxalq "Obolon-2011" turnirində iştirakına start verib. Siasport.az saytı xəbər verir ki, "Qəbələ"nin yeniyetmə futbolçuları ilk oyunlarını "Obolon" Futbol Klubuna məxsus bazanın meydançasında keçirib və yarışa gözəl qələbə ilə başlayıblar. "Qəbələ" Çerkası şəhərinin "Yavor" klubuna 6:0 hesabı ilə qalib gəlib. Oyunu başdan sona qədər üstünlüklə keçirən komandamızda qolların 3-nə Fərid Nəbiyev imza atıb. Digər qolları isə Azər İsmayılov, Elvin Həsənov və Baxşəli Baxşalıyev öz aktivlərinə yazıblar. Qeyd edək ki, güclü yağış sonadək oyunu müşayiət edib.

Hüseynqulu Quliyevin yetirmələri bu gün turnirdə ikinci oyunlarını keçirəcəklər. Rəqib "Polesye" (Jitomir) olacaq. Turnirin rəsmi açılış mərasimi isə bu günlərdə Ukraynada gənclər bayramı ilə əlaqədar olaraq verilən tətilə görə iyun ayının 29-na təyin edilib. Mərasim "Obolon-Arena" stadionunda baş tutacaq. Rəsmi və bədii hissədən sonra açılış oyununda "Qəbələ" yerli "Smena" ilə üz-üzə gələcək. İyulun 1-nə təyin edilən final matçı da "Obolon" FK-nın əsas meydançası sayılan "Obolon-Arena"da olacaq. Ümumilikdə turnirdə Ukraynadan başqa, Rusiya, Belarus, Moldova və s. ölkələrin təmsilçiləri iştirak edirlər. 1998-ci il təvəllüdlü futbolçuların yarışında "Qəbələ" ilə yanaşı, "Smena", "Obolon", "Arsenal" (hamısı Kiyev), eləcə də "Dinamo" (Mahaçqala) qələbəyə əsas namizədlər sayılırlar.

Sonda xatırladaq ki, ötən mövsüm "Qəbələ"nin 13 yaşadək futbolçuları Azərbaycan çempionu adını qazanıblar. Ölkə birinciliyinin əsasnaməsinə görə, bu yaş qrupu hər biri 20 dəqiqədən ibarət olmaqla yarı meydançada oynamalı və matça 9 futbolçu ilə başlamalıdır. Amma "Obolon-2011" turnirində oyunlar böyük futbol qaydaları çərçivəsində keçirilir, yalnız hissələr 45 yox, 30 dəqiqədən ibarətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə