Mükafatlandırma mərasimi keçirildi

Mükafatlandırma mərasimi keçirildi
AFFA tərəfindən təşkil olunmuş Caspian Cup beynəlxalq turnirinə yekun vurulub. Siasport.az saytı xəbər verir ki, VII yer uğrunda oyunda Tacikistan yığması 1:0 hesabı ilə Qırğızıstan komandasına qalib gəlib.

Özbəkistan yığmasının qapısından 5 cavabsız top keçirən Qazaxıstan komandası V yeri tutub.

Üçüncü yer uğrunda oyunda Azərbaycan və Gürcüstan komandaları üz-üzə gəlib. Qarşılaşma 1:1 hesabı ilə başa çatdığı üçün qalib oyunsonrası penalti seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən yığmamız ümumi nəticədə 4:1 hesabı ilə qələbə qazanıb.

Türkiyə və İspaniya yığmaları arasında keçirilən final oyununda hesab açılmayıb. Turnirin qalibi oyunsonrası penalti seriyasında müəyyənləşib. İspaniya yığması 3, türkiyəli futbolçular isə 4 zərbəni sərrast yerinə yetirib.

Beləliklə, Türkiyə yığması Caspian Cup turnirinin qalibi adını qazanıb.

Final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Mükafatları AFFA-nın baş katibi Elxan Məmmədov, AccessBank-ın İdarə Heyətinin sədri Endryu Pospilovski və AFFA İcraiyyə Komitəsinin üzvü, Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti İsgəndər Cavadov təqdim edib.

Əvvəlcə final oyununun hakimlərinə xatirə hədiyyələri verilib. Sonra aşağıdakı nominasiyalar üzrə qaliblər AFFA və AccessBank-ın hədiyyələri ilə təltif olunub:

FAİR PLAY mükafatı – Qırğızıstan yığması

Turnirin ən sərrast futbolçusu – Abat Aimbetov – 6 qol (Qazaxıstan yığması)

Turnirin ən yaxşı qapıçısı – Okan Koçuk (Türkiyə yığması)

Turnirin ən yaxşı futbolçusu – Samuel Kastilyexo (İspaniya yığması)

Sonra üçüncü yeri tutan Azərbaycan, ikinci pillənin sahibi İspaniya və turnirin qalibi olan Türkiyə yığmasına xatirə medalları verilib. Sonda AFFA-nın baş katibi Elxan Məmmədov kuboku Türkiyə yığmasının kapitanına təqdim edib.

Qeyd edək ki, Caspian Cup turnirinin təşkil olunmasında AFFA-nın partnyoru AccessBank-dır.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня