“Milli mətbuatın 150 illiyi idman mediasının inkişafında yeni mərhələnin əsasını qoyur” - ƏMƏKDAR JURNALİST DANIŞDI

“Bu il milli mətbuatımızın yaranmasının 150 illiyini qeyd edirik. Bu, yalnız informasiya tariximiz üçün deyil, həm də milli kimliyimizin formalaşması və cəmiyyətimizin maariflənməsi baxımından böyük əhəmiyyət daşıyan bir hadisədir. Keçmişə nəzər saldıqda görürük ki, "Əkinçi" qəzetinin nəşri ilə başlanan bu yol zaman keçdikcə müxtəlif sahələrdə, o cümlədən idman mediasında da öz inkişaf mərhələlərini keçib". Bu sözləri SİA-ya açıqlamasında idman şərhçisi, Azərbaycanın əməkdar jurnalisti Fikrət Adıgözəlli deyib.

Onun sözlərinə görə, idman jurnalistikası milli mətbuatın ayrılmaz bir hissəsi kimi formalaşıb və bu sahə də özünəməxsus çətinlikləri və nailiyyətləri ilə seçilib: "Əgər ötən əsrin əvvəllərində idmanla bağlı xəbərlər mətbuat səhifələrində nadir hallarda yer alırdısa, bu gün idman xəbərləri informasiya axınının ən dinamik və maraqla izlənən seqmentinə çevrilib. Azərbaycan idmanı son onilliklərdə beynəlxalq arenada böyük uğurlar qazanıb və bu uğurların ictimaiyyətə çatdırılmasında idman mediasının rolu danılmazdır. Olimpiya oyunlarından tutmuş Avropa və dünya çempionatlarına qədər hər bir uğurun arxasında yalnız idmançılarımızın əməyi deyil, həm də media nümayəndələrinin zəhməti dayanır. Bu gün qarşımızda duran əsas vəzifə – idman jurnalistikasını daha da peşəkarlaşdırmaq, qlobal standartlara uyğunlaşdırmaq, eyni zamanda milli ruhu qorumaqdır. Rəqəmsallaşma və sosial medianın sürətli inkişafı informasiya istehsalına yeni yanaşmalar tələb edir. Bu baxımdan, idman mediası yalnız nəticələri çatdırmaqla kifayətlənməməli, həm də analitik materiallar, reportajlar, rəqəmsal kontentlə izləyicilərə daha dərin məlumat verməlidir.

Milli mətbuatın 150 illiyi bizə həm keçmişi xatırladır, həm də gələcəyə baxmağın vacibliyini göstərir. Əgər keçmişdə bu yol maarifçilik və milli oyanışın əsası olubsa, bu gün idman mediası gəncləri sağlam həyata, vətənpərvərliyə və mübarizə ruhuna ruhlandırmalıdır. Çünki idman yalnız nəticə deyil, həm də idealdır. Biz idman jurnalistləri olaraq bu missiyanı dərk edirik və çalışırıq ki, milli dəyərləri qoruyaraq beynəlxalq mediada da güclü mövqeyə sahib olaq.

150 illik tarixi yol həm böyük qürur, həm də məsuliyyətdir. Biz bu mirası qoruyaraq gələcək nəsillərə daha müasir, peşəkar və milli dəyərlərə sadiq media təqdim etmək üçün çalışmalıyıq".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə