Azərbaycan Şahmat Federasiyasının prezidenti Dünya Kubokunun açılış mərasimində iştirak edib - FOTO

FIDE-nin vitse-prezidenti və Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov Gürcüstanın Batumi şəhərində qadın şahmatçılar arasında keçiriləcək Dünya Kubokunun açılış mərasimində iştirak edib. Federasiyanın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tədbirdə AŞF rəhbəri ilə yanaşı Gürcüstanın dövlət və hökümət rəsmiləri, Gürcüstan Şahmat Federasiyasının rəhbəri Akaki İaşvili, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç, eləcə də digər qonaqlar iştirak edib.

Açılış mərasimində nitq söyləyən FIDE prezidenti Arkadi Dvorkoviç Dünya Kubokunda ən güclü qadın şahmatçıların iştirak etdiyini söyləyib.
Mərasimdə çıxış edən FIDE-nin vitse-prezidenti, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov Gürcüstanın mötəbər şahmat yarışına ev sahibliyi etməsini önəmli hadisə adlandırıb və yarışın yüksək səviyyədə təşkil olunacağına inandığını bildirib.
Ardınca püşklə ilk turda şahmatçıların hansı fiqurlarla mübarizə aparacağı müəyyənləşib. Tək rəqəmi seçən şahmatçıların qara fiqurlarla yarışacağı məlum olub.

Dünya Kubokunda Azərbaycan 4 şahmatçıyla təmsil olunacaq. Püşkatmanın nəticələrinə görə, ilk mərhələdə Gövhər Beydullayeva İran təmsilçisi Anahita Zahedifarla, Ülviyyə Fətəliyeva Avstraliyadan Jilinq Janqla, Xanım Balacayeva qazaxıstanlı Elnaz Kaliaxmetlə, Gülnar Məmmədova isə çinli Yunşan Li ilə qarşılaşacaq.

Dünya Kubokunun ümumi mükafat fondu 691 250 ABŞ dollar təşkil edir. Qalib şahmatçı 50 min dollar qazanacaq. Yekunda ilk üç yeri tutacaq şahmatçı İddiaçılar Turnirinə vəsiqə əldə edəcək.

Qeyd edək ki, yarışda 47 ölkədən ümumilikdə 107 şahmatçı çıxış edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə