"Ümid edirəm ki, karyeramda belə qələbələr davamlı olar"

Azərbaycanlı şahmatçı Xaqan Əhməd (rapid reytinq - 2290) Londonda komandalar arasında blits üzrə dünya çempionatında FIDE reytinqində ikinci olan Hikaru Nakamuraya (ABŞ, 2804) qalib gəldiyi partiyanı şərh edib. SİA xəbər verir ki, o, blits üzrə dünya çempionatındakı çıxışı barədə Azərbaycan Şahmat Federasiyasının rəsmi saytına açıqlama verib.

Xaqan bildirib ki, komandalar arasında dünya çempionatı çox unudulmaz anlarla yadda qaldı: “Bir gün əvvəl dünya reytinqində ikinci olan Hikaru Nakamuraya qarşı oynayacağım məlum olanda bütün komanda həyəcanlanmağa başladı. Nakamurayla mübarizə bir qədər həyəcanlı start götürdü. Rəqib müəyyən səhvlərə yol verdi. Sonra Hikaru heç-heçə üçün vəziyyətdən çıxış yolu axtarmağa çalışdı. Oyunda müəyyən təzyiq hiss olunurdu. Etiraf edim ki, qələbə məni xoşbəxt etdi. Karyeramda belə güclü şahmatçı üzərində ilk qələbəm oldu. Ümid edirəm davamlı olar. Təəssüflər olsun ki, çıxış etdiyim “Türk Hava Yolları” komandası 1/8 finala vəsiqə qazana bilmədi”.

Xaqan Əhməd Londonda birgə çıxış etdiyi komanda yoldaşlarına minnətdarlığını bildirib: “Kapitan Özgür bəyə və birgə çıxış etdiyim şahmatçılara təşəkkür etmək istəyirəm. Gənc şahmatçılardan formalaşan komandamızın nəticəsini yaxşı qiymətləndirirəm. Dünya çempionatında qazandığımız nəticələrlə yaxşı mənada səs saldıq”.

“Nakamurayla oyundan sonra məni təbrik edən hər kəsə çox sağ ol demək istərdim. Londonda başqa komandanın heyətində çıxış edən azərbaycanlı şahmatçı Rauf Məmmədovu partiyanı izləyənlər arasında görmək xoş hisslər yaratdı. Nakamurayla partiya başa çatandan sonra məni ilk təbrik edən Rauf Məmmədov oldu. Ona görə də Azərbaycan çempionuna çox sağ ol demək istərdim” - , deyə şahmatçı qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə