"Mini futbolun beynəlxalq səviyyədə uğurlar qazanması üçün mühüm addımlar atılır" - ŞƏRH EDİLDİ

"Son illər ərzində Azərbaycanda idman sahəsində genişmiqyaslı islahatlar və inkişaf strategiyaları həyata keçirilir. Dövlət siyasətinin prioritetlərindən biri kimi ölkədə idmanın müxtəlif növlərinin, o cümlədən mini futbolun inkişafına xüsusi diqqət yetirilir. Mini futbolun kütləviləşməsi və beynəlxalq səviyyədə uğurlar qazanması üçün mühüm addımlar atılır". Bu sözləri SİA-ya açıqlamasında mini futbol üzrə U-23 komandasının və "AzNur" komandasının baş məşqçisi Rəcəb Fərəczadə deyib.

Onun sözlərinə görə, Azərbaycan mini futbol üzrə milli komandası ölkəmizi beynəlxalq arenada uğurla təmsil edir və böyük nailiyyətlərə imza atır. Ötən dövrdə milli komandamızın Avropa çempionu olması ölkəmizdə mini futbolun inkişafında yeni mərhələ hesab edilir. Bu tarixi qələbə, gənclərimizin idmana marağını artırmaqla yanaşı, mini futbolun peşəkar idman növü kimi inkişaf etdirilməsinə təkan verir: "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev milli komandanın bu böyük uğurunu yüksək qiymətləndirmiş, çempion olan komandamızı qəbul etmişdir. Dövlət başçısı görüşdə idmançılarımızı və məşqçiləri təbrik etmiş, onların qazandığı uğuru Azərbaycan idmanının, həmçinin gənc nəslin uğuru kimi dəyərləndirmişdir. Bu görüş zamanı cənab Prezident mini futbolun ölkədə daha da inkişaf etdirilməsi məqsədilə müvafiq dövlət qurumlarına maliyyə dəstəyi göstərilməsi barədə ciddi tapşırıqlar vermişdir.

Maliyyə dəstəyinin verilməsi mini futbolun infrastrukturunun təkmilləşdirilməsi, idman bazalarının yenilənməsi, peşəkar məşqçilərin və idmançıların hazırlanması, həmçinin yeni gənc futbolçuların cəlb olunması üçün geniş imkanlar yaradacaqdır. Bu addım, həmçinin mini futbolun ölkəmizdə daha geniş kütlələrə çatdırılması, regional səviyyədə yarışların təşkili və mini futbolun inkişafı üçün zəruri şəraitin təmin edilməsi məqsədini daşıyır.

Qeyd etmək lazımdır ki, bu təşəbbüs Azərbaycan dövlətinin idmana, gənclərə və sağlam həyat tərzinin təşviqinə göstərdiyi diqqət və qayğının təzahürüdür. Mini futbolun inkişafı vasitəsilə ölkəmizdə idman hərəkatının daha da güclənməsi, idmançıların beynəlxalq uğurlarının davam etməsi və gənc nəslin fiziki sağlamlığının möhkəmlənməsi təmin ediləcəkdir. Bu prosesdə həm dövlət qurumları, həm də idman federasiyaları yaxından iştirak edir, gələcəkdə ölkəmizin mini futbol üzrə mövqeyinin daha da möhkəmləndirilməsi üçün fəaliyyət göstərirlər. Ümid edirik ki, verilən maliyyə dəstəyi və diqqət sayəsində Azərbaycan mini futbolu gələcəkdə də uğurlu nəticələrlə ölkəmizi fəxr etdirəcək".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə