"Azərbaycanın gənc və yeniyetmə güləşçiləri beynəlxalq səviyyədə ciddi rəqibdir" - Vitse-Prezident DANIŞDI
"Bu gün qürurla deyə bilərik ki, Azərbaycan güləşi bütün istiqamətlərdə inkişaf edir və yüksək nəticələrlə yadda qalır. Qazanılan uğurlar təsadüfi deyil. Bu nailiyyətlər həm bölgələrdə fəaliyyət göstərən güləş strukturlarının, həm də Milli Olimpiya Komitəsinin məqsədyönlü siyasətinin nəticəsidir". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Güləş Federasiyasının (AGF) yunan-Roma güləşi üzrə vitse-prezidenti Elçin Cəfərov deyib.
Onun sözlərinə görə, cənab Prezident İlham Əliyevin idmana, xüsusilə də güləşə göstərdiyi ardıcıl diqqət və qayğısı bu sahənin davamlı inkişafını təmin edir: "Xatırlatmaq istərdim ki, böyüklərdən ibarət yığma komandamız bu yaxınlarda keçirilən Avropa çempionatında möhtəşəm nəticələr göstərdi. Üç qızıl, bir gümüş və bir bürünc medal qazanaraq ölkəmizi layiqincə təmsil etdilər. Həm sərbəst, həm də yunan-Roma güləşi üzrə idmançılarımız yüksək səviyyədə çıxış etdilər və bu da onu göstərir ki, Azərbaycan güləşi beynəlxalq arenada söz sahibi olmaqda davam edir.
Hazırda Güləş Federasiyasının rəhbərliyi, Milli Olimpiya Komitəsi və Gənclər və İdman Nazirliyi tərəfindən komandalarımıza hərtərəfli dəstək göstərilir. Qarşıda bir sıra beynəlxalq turnirlər və böyük yarışlar var. Bunlara dünya çempionatı, sentyabr ayında gənclər arasında keçiriləcək dünya birinciliyi, eləcə də U-23 yaş kateqoriyası üzrə Avropa və dünya çempionatları daxildir. Komandalarımız bu yarışlara ciddi şəkildə hazırlaşır, təlim-məşq toplanışlarını yüksək səviyyədə davam etdirirlər.
Hazırda yeniyetmələr arasında Avropa birinciliyi keçirilir və sevindirici haldır ki, yığma komandamız artıq böyük uğura imza atıb. İdmançılarımız 2 qızıl, 2 gümüş və 1 bürünc medal qazanaraq komanda hesabında birinci yerə layiq görülüblər. Bu gecə onlar Vətənə qayıdırlar və biz onları qürurla qarşılayacağıq. Bu uğur onu göstərir ki, Azərbaycanın gənc və yeniyetmə güləşçiləri də artıq beynəlxalq səviyyədə ciddi rəqibdir.
Güləşin regionlarda inkişafı da xüsusi diqqət mərkəzindədir. Hazırda Azərbaycanın bütün şəhər və rayonlarında yeni güləş zallarının açılması, həmin zallara peşəkar və savadlı məşqçilərin təyinatı və bu sahədə işin təşkili istiqamətində ciddi addımlar atılır. Göyçay, Lənkəran, Masallı, Goranboy, Tərtər, Mərdəkan və digər bölgələrdə bu istiqamətdə genişmiqyaslı işlər aparılır. Eyni zamanda Bakı şəhərində də cəmiyyət və qruplar üzrə fəaliyyət daha da gücləndirilib.
Azərbaycan Güləş Federasiyası bu istiqamətdə böyük layihələr həyata keçirir. Bir neçə yeni proqram və təşəbbüs üzərində də iş aparılır və yaxın vaxtlarda onların icrasına başlanacaq. Məqsədimiz yalnız bu günün deyil, həm də gələcəyin çempionlarını yetişdirməkdir".
Bütün xəbərlər Facebook səhifəmizdə