“Araz-Naxçıvan” klubu mövsümlərarası fasilədə ilk transferini reallaşdırıb. Bu barədə SİA-ya Naxçıvan təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.
Bar Koen 2025/2026 mövsümündə “qırmızı-ağlar”ın formasını geyinəcək.
Pleymeyker funksiyasını yerinə yetirən 24 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.
O, buna qədər ancaq İsrail klublarında çıxış edib. Müxtəlif illərdə “Makkabi" (Tel-Əviv), “Beytar" (Tel-Əviv), “Hapoel" (Hayfa) komandalarının formasını geyinən hücumameyilli yarımmüdafiəçi son iki mövsümü “Makkabi"də (Netaniya) keçirib. Karyerasında ilk dəfə legioner həyatı yaşıyacaq futbolçu İsrailin U-17, U-18, U-19 və U-21 millilərinin də üzvü olub.
Qeyd edək ki, daha əvvəl baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov, Slavik Alxasov, Qara Qarayev, Bəxtiyar Həsənalızadə, Ülvü İsgəndərov, Vanderson Melo, Ramon Maçado və Nuno Rodrigeslə müqaviləni yeniləyən “Araz-Naxçıvan” Vadim Abdullayevlə yollarını ayırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə